Rusiyanın Kiyevə hücumları zamanı Avstriya və Niderland səfirliklərinə ziyan dəyib
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları (PUA) ilə hücumları zamanı Avstriya və Niderland səfirliklərinin binalarına ziyan dəyib.
AFN.az xəbər verir ki, hücumlar bir sıra ölkələrin kəskin etirazına səbəb olub və diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çağırışlar səsləndirilib.
Ukraynanın xarici işlər naziri Andrey Sibiha ABŞ-nin X sosial şəbəkəsindəki hesabında paytaxta hücumlarla bağlı açıqlama yayıb.
Sibiha Rusiyanın hücumları nəticəsində xarici diplomatik nümayəndəliklərə ziyan dəyməsinə etiraz edərək beynəlxalq ictimaiyyəti Moskvaya qarşı güclü cavab verməyə çağırıb.
Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger X hesabında paylaşım edərək, Avstriyanın Kiyevdəki səfirliyinin bilavasitə qarşısına döyüş sursatının düşdüyünü və binaya ziyan dəydiyini bildirib.
Hücum zamanı səfirlik əməkdaşlarından heç kimin xəsarət almadığını qeyd edən Maynl-Rayzinger onlarla telefonla danışdığını və təhlükəsizliklərinin təmin olunması üçün əlavə tədbirlər görülməsi barədə göstəriş verdiyini açıqlayıb.
Avstriyanın Baş naziri Kristian Ştoker isə hücumdan şoka düşdüyünü vurğulayaraq, bunun qətiyyən qəbuledilməz olduğunu və diplomatik nümayəndəliklərin toxunulmazlığının hər zaman qorunmalı olduğunu bildirib.
Niderlandın xarici işlər naziri Tom Berendsen də X hesabında ölkəsinin Kiyevdəki səfirliyinin arxa hissəsinə döyüş sursatının düşdüyünü, binaya yüngül ziyan dəydiyini, lakin əməkdaşlardan heç kimin xəsarət almadığını açıqlayıb.
Hadisənin təfərrüatlarını araşdırdıqlarını bildirən Berendsen səfirlik əməkdaşlarının təhlükəsizliyinin əsas prioritetləri olduğunu vurğulayıb.
Niderland hökuməti hücumdan sonra Rusiyanın Haaqadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Rusiya PUA-sının qalıqlarının Ukrayna Xarici İşlər Nazirliyinin binasının yerləşdiyi əraziyə də düşdüyü bildirilib.
Portuqaliyanın Xarici İşlər Nazirliyi də Rusiyanın hücumlarını kəskin şəkildə pisləyib. Nazirliyin açıqlamasında hücumların diplomatik missiyaların toxunulmazlığının ciddi şəkildə pozulması olduğu bildirilib və zərər çəkmiş ölkələrlə həmrəylik ifadə olunub.
İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard X hesabında Kiyevdəki İsveç səfirliyinin yaxınlığında partlayış baş verdiyini, ölkəsinin Avstriya və Niderlandla həmrəy olduğunu bildirib.
İsveçin Kiyevdəki səfirliyi ilə əlaqə saxladıqlarını və bütün əməkdaşların vəziyyətinin yaxşı olduğunu qeyd edən Stenerqard Rusiyanın bu hücumlarının Moskvanın sülhlə maraqlanmadığını göstərdiyini vurğulayıb.
Stenerqard Rusiyanın Stokholmdakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılacağını bildirib. O, İsveçin Ukraynaya dəstəyini davam etdirmək və Rusiyaya təzyiqi artırmaq məsələsində qətiyyətli mövqe tutduğunu qeyd edib.

