Kuleba: Rusiyanın hücumları Ukraynanı xəritədən silmək ideologiyasına xidmət edir


Ukraynanın xarici işlər naziri Dmitro Kuleba, Rusiyanın ölkəsinə qarşı intensiv raket və pilotsuz uçuş aparatları (PUA) hücumlarını davam etdirdiyini bəyan edərək, bu hücumların məqsədinin Ukraynanı xəritədən silmək ideologiyasına xidmət etdiyini bildirib.


NATO Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldə olan Kuleba, NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb.

Kuleba və Stoltenberq NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən NATO-Ukrayna Şurasından əvvəl birgə mətbuata bəyanatla çıxış ediblər.

NATO-nun 75-ci ildönümünü qeyd etdiyinə diqqət çəkən Kuleba, ölkəsinin aldığı yardıma verdiyi töhfələrə görə Stoltenberqə təşəkkür edib.

Kuleba çıxışında Rusiyanın raket və PUA-larla ölkəsinə hücumlarını davam etdirdiyini bildirib.

Rusiya ordusunun bu gecə "Şahed" tipli PUA-larla Ukraynanın Xarkov şəhərinə intensiv hücum təşkil etdiyini xatırladan Ukrayna XİN rəhbəri "Rusların sistemli hücumları ukraynalıları öldürür, Ukrayna iqtisadiyyatına ziyan vurur. Bu, Rusiyanın Ukraynanı xəritədən silmək ideologiyasına xidmət edir" - deyə qeyd edib.

Brüsseldəki təmasları çərçivəsində keçirdikləri görüşlərdə Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin verilməsi məsələsini müzakirə etdiklərini söyləyən Kuleba, Rusiyanın hücumlarına qarşı müvəffəqiyyətli olmaq üçün daha çox Patriot hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyduqlarını bildirib.

O, Rusiyanın təkcə mart ayında Ukraynaya qarşı 94 ballistik raket hücumu həyata keçirdiyini deyib və qeyd edib ki, Patriot kimi sistemlərlə bu cür hücumlara qarşı effektiv mübarizə mümkün ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu