Tramp: ABŞ Ukraynaya yardıma görə heç nə əldə etməyib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Ukraynaya və Avropadakı müttəfiqlərinə göstərdiyi 350 milyard dollarlıq hərbi yardımın əvəzində ABŞ heç nə əldə etməyib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə Konqresə aralıq seçkilər ərəfəsində Texas ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Biz silahlı qüvvələrimizi yenidən qurduq. Co Bayden isə onların əhəmiyyətli hissəsini payladı. Bunun müqabilində müəyyən ödəniş tələb etmək lazım idi. Söhbət Avropadan gedir. Onlar ödəyə bilərlər”, – deyə Tramp bildirib.
ABŞ lideri Avropadakı müttəfiqlərindən silah tədarükünə görə ödəniş aldığını vurğulayıb.
“Düşünürəm ki, onlar silahları Ukraynaya və ya başqa yerlərə ötürürlər, amma bizə pul ödəyirlər. Bayden də bunu tələb edə bilərdi. O, 350 milyard dollar dəyərində yardım verdi, əvəzində isə onların bizi axmaq hesab etməsindən başqa heç nə əldə etmədik”, – deyə Tramp əlavə edib.
