Keçmiş müstəntiqdən gənclərə xəbərdarlıq: Həbsxana üstüaçıq qəbiristanlıqdır...
Son günlər cəmiyyətdə böyük rezonans doğuran qətl hadisəsi və kriminal qarşıdurmalar gənclərin təlim-tərbiyəsini yenidən gündəmə gətirib.
AFN.az xəbər verir ki, keçmiş müstəntiq Müşfiq Abbasov gənclərə müraciət edərək mühüm xəbərdarlıq edib. Keçmiş hüquq-mühafizə orqanı əməkdaşı gəncləri cinayət yolundan uzaq durmağa və kriminal mühitin xəyali "romantika"sına uymamağa çağırıb.
Müşfiq Abbasov qanlı hadisələrdə iştirak edən şəxslərin məhkəməyə gətirilən zaman çəkilən görüntülərinə diqqət çəkərək qeyd edib ki, kriminal "hesablaşma"ların sonu hər zaman peşmançılıqla bitir: "Baş verən kriminal söhbətlərdə iştirak edən şəxslərin məhkəməyə gətirilmə görüntülərinə gənclərimiz yaxşı baxsınlar. Başları aşağı, sifətlərində min bir peşmanlıq hissi... Bu işlərin sonu həmişə belə bitir. Küçədə belində bıçaq gəzdirən, özünü qəhrəman hesab edən o şəxslər istintaq təcridxanasında kartofu konserva qabının qapağı ilə soymağa məhkumdurlar".
Müstəntiq həbsxana həyatının insan taleyini necə məhv etdiyini real boyalarla təsvir edib. O, gəncləri anlıq qəzəbin və ya yanlış mühitin qurbanı olmaqdan çəkinməyə səsləyib: "İllər sonra azadlığa çıxanda baxacaqlar ki, nə ev-eşik qalıb, nə ailə. Sağlamlıq məhv olub, dişlər tökülüb, saçlar ağarıb. Cəzaçəkmə müəssisəsi üstüaçıq qəbirstanlıqdır. Çalışın bu qəbrə diri-diri girməyin..."



