Aİ xaricdən gələn kiçik bağlamalara rüsum tətbiq edəcək



Avropa İttifaqı (Aİ) noyabrın 1-dən etibarən İttifaqdan kənar ölkələrdən sifariş edilən kiçik bağlamalara 2 avro məbləğində emal haqqı tətbiq edəcək. 

AFN.az xəbər verir ki, yeni rüsum 2026-cı il noyabrın 1-dən Aİ ölkələrinə göndərilən elektron ticarət sifarişlərinə şamil olunacaq.

Aİ Komissiyasının vergitutma bölməsinin elanına əsasən, yeni emal haqqı gömrük islahatı çərçivəsində tətbiq edilir.

Bu ödəniş artan elektron ticarət göndərişlərinin yoxlanılması və nəzarəti ilə bağlı yaranan xərclərin qarşılanmasına yönəlib.

Bu çərçivədə İttifaqdan kənar ölkələrdən gələn bağlamalara 2 avro əlavə ödəniş tətbiq ediləcək. Məbləğ gömrük bəyannaməsindəki hər bir məhsul mövqeyi üzrə ayrıca hesablanacaq. Bağlamada müxtəlif məhsul mövqeləri olduqda, onların hər biri üçün ayrıca emal haqqı tutulacaq.

Yeni qayda dəyəri 150 avronu aşan elektron ticarət göndərişlərinə də şamil ediləcək.

Yeni emal haqqı Aİ-nin iyulun 1-dən etibarən aşağı dəyərli elektron ticarət göndərişlərinə tətbiq etdiyi 3 avroluq müvəqqəti gömrük rüsumundan ayrıca tutulacaq.

Beləliklə, hər iki qaydanın tətbiq olunduğu göndərişdə bir məhsul mövqeyi üçün 3 avro gömrük rüsumuna əlavə olaraq 2 avro emal haqqı ödəniləcək.

Aİ gömrük islahatı ilə artan elektron ticarət həcminə uyğun olaraq nəzarət imkanlarını gücləndirməyi və İttifaqın standartlarına cavab verməyən məhsulların əraziyə daxil olmasına daha effektiv nəzarət etməyi hədəfləyir.

2025-ci ildə Aİ ölkələrindəki istehlakçılara birbaşa 5,9 milyard aşağı dəyərli məhsul göndərilib. Bu göndərişlərin 90 faizindən çoxu Çindən gəlib.

Aİ uzun müddətdir Çində fəaliyyət göstərən Temu və AliExpress onlayn alış-veriş platformaları, eləcə də Çində yaradılmış Shein elektron ticarət şirkəti vasitəsilə edilən alış-verişlərə yeni vergilərin tətbiqi üzərində işləyirdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu