BMT: Ukraynada qış öncəsi hücumlar intensivləşib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukrayna üzrə Beynəlxalq Müstəqil İstintaq Komissiyasının sədri Erik Mose soyuq qış mövsümü yaxınlaşdıqca Ukraynada hücumların yenidən intensivləşdiyini bildirib.
AFN.az xəbər verir ki, bu vəziyyət mülki şəxslərin həyatı və sağlamlığı üçün yaranan təhlükələrlə bağlı ciddi narahatlıqlara səbəb olub.
Komissiya 2022-ci ilin fevralından bəri Rusiya ilə müharibə vəziyyətində olan Ukraynadakı durumla bağlı yeni hesabat yayımlayıb.
Hesabatda qeyd olunub ki, Rusiya rəsmiləri Ukraynanın enerji infrastrukturuna davamlı hücumlar etməklə mülki obyektləri qəsdən hədəf almaq müharibə cinayətini, eləcə də digər qeyri-insani əməllər vasitəsilə insanlığa qarşı cinayətlər törədiblər. Həmçinin Rusiya rəsmilərinin beynəlxalq insan hüquqları hüququnu pozaraq müxtəlif ölkələrdən insan alveri yolu ilə gətirilən kişiləri Rusiya ordusuna cəlb etdiyi qənaətinə gəlindiyi bildirilib.
Hesabatda Rusiya ordusunun Ukraynanın enerji infrastrukturuna qarşı genişmiqyaslı hücumları və onların mülki əhaliyə təsiri nəzərdən keçirilib. Eyni vaxtda yüzlərlə pilotsuz uçuş aparatı və raketdən istifadə edilən sistematik hücum dalğalarının tezliyinin, intensivliyinin və coğrafi əhatəsinin illər ərzində artırıldığı, bunun isə Ukraynanın enerji sektoruna ciddi ziyan vurduğu vurğulanıb.
Hesabatda ötən ilin qışında havanın temperaturunun mənfi 21 dərəcəyə düşdüyü dövrdə Ukraynada milyonlarla insanın uzun müddət istilik, elektrik enerjisi, su və qaz təchizatında fasilələrlə üzləşdiyi qeyd olunub. Ukrayna mülki əhalisinin dözülməz yaşayış şəraiti ilə mübarizə aparmaq məcburiyyətində qaldığı bildirilib.
Həmçinin Ukrayna ordusunun Rusiyadakı və Ukraynanın işğal olunmuş ərazilərindəki enerji infrastrukturuna qarşı həyata keçirdiyi hücumların da araşdırıldığı qeyd edilib.
Hesabatda Rusiyanın Komissiyanın ərazilərə girişlə bağlı müraciətlərini qəbul etmədiyi və məlumat sorğularına cavab vermədiyi bildirilib. Bu səbəbdən Ukraynanın həyata keçirdiyi hücumların təsirləri ilə bağlı daha ətraflı araşdırma aparmağın mümkün olmadığına diqqət çəkilib.
Komissiyanın sədri Erik Mose hesabatda soyuq mövsüm yaxınlaşdıqca hücumların yenidən intensivləşdiyini bildirib.
Mose hücumların intensivləşməsinin mülki şəxslərin həyatı və sağlamlığı üçün yaranan təhlükələrlə bağlı ciddi narahatlıqlara səbəb olduğunu vurğulayıb.
