Ər-Riyadda təhlükə siqnalı verildi: husilərin raket hücumu dəf edildi



Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi paytaxt Ər-Riyad üçün erkən xəbərdarlıq sisteminin təhlükə siqnalı verdiyini açıqlayıb. 

AFN.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası Yəmənin husilərin nəzarətində olan paytaxtı Sənada iki ballistik raket buraxılış qurğusunun məhv edildiyini bildirib.

Mülki Müdafiə Baş İdarəsinin sosial media hesabında yayılan açıqlamada Ər-Riyad üçün erkən xəbərdarlıq sisteminin işə salındığı qeyd olunub.

Bildiriş alan şəxslərdən sakit olmaları və rəsmi qurumların göstərişlərinə əməl etmələri istənilib.

Açıqlamada təhlükə aradan qalxana qədər pəncərələrdən uzaq, təhlükəsiz otağa keçmək və binanı tərk etməmək tövsiyə olunub. Açıq ərazidə olan şəxslərə isə ən yaxın binaya daxil olmaq və ya qoruyucu maneənin arxasında sığınacaq tapmaq çağırışı edilib.

Mülki Müdafiə Baş İdarəsi qısa müddət sonra yaydığı növbəti açıqlamada təhlükənin sovuşduğunu bildirib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü, general-mayor Türki əl-Maliki sosial media hesabında husilərin ballistik raket hücumunun qarşısının alındığını açıqlayıb.

Əl-Maliki husilərin Ər-Riyada doğru buraxdığı ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib.

Əl-Maliki Sənada iki ballistik raket buraxılış qurğusunun məhv edildiyini, onlardan birinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada hücum təşkil etmək üçün istifadə olunduğunu qeyd edib.

Ərəb Koalisiyasının sözçüsü husilərin ballistik raket şəbəkəsini sıradan çıxarmaq məqsədilə əməliyyatların davam etdiriləcəyini bildirib.

Yəməndə vətəndaş müharibəsi 2014-cü ilin sentyabrında İranın dəstəklədiyi husilərin paytaxt Sənaya və bir sıra vilayətlərə nəzarəti ələ keçirməsindən sonra başlayıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından etibarən beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətinə dəstək verir.

Son dövrlərdə Yəməndə hökumət qüvvələri ilə husilər arasında toqquşmalar intensivləşib. İranın dəstəklədiyi husilər isə onlara qarşı hücumlara görə məsul tutduqları Səudiyyə Ərəbistanını ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alırlar.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu