Zelenski: Üçtərəfli görüş noyabrda keçiriləcək



Ukrayna Prezidenti Volodimir Zelenski noyabr ayında ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli görüşün keçiriləcəyini bildirib. 

AFN.az xəbər verir ki, Zelenski bu barədə sosial media hesabında paylaşım edib və müharibənin başa çatdırılması üçün danışıqların yenidən başlanmasına hazır olduqlarını vurğulayıb.

Zelenski yazılı paylaşımında Ukraynanın televiziya kanallarının “Vahid xəbər” adlı birgə yayımında Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələrin aparıldığını qeyd edib.

Müharibənin başa çatdırılması məqsədilə noyabr ayında ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqların bərpası istiqamətində görülən işlərə toxunan Zelenski konkret nəticə verməli olan texniki qrupların üçtərəfli görüşlərinə hazır olduqlarını bildirib.

Üçtərəfli danışıqların nəticə verməsinin vacibliyinə diqqət çəkən Zelenski enerji sahəsində atəşkəsin əldə olunmasının belə müharibənin başa çatdırılması istiqamətində mühüm addım olacağını deyib.

Ukrayna lideri güclü təhlükəsizlik zəmanətlərinə ehtiyac duyduqlarını vurğulayıb. O bildirib ki, Ukrayna ordusunun məhdudlaşdırılması və ölkənin neytrallığı müzakirə mövzusu ola bilməz. Ərazi məsələsi isə yalnız liderlər səviyyəsində müzakirə edilə biləcək qırmızı xətdir.

Zelenskinin sözlərinə görə, ərazilərin mübadiləsi ilə bağlı təkliflər ABŞ tərəfindən uzun müddətdir gündəmə gətirilir. O, heç bir ərazini başqa bir ərazi ilə dəyişmədiklərini, lakin müzakirələrə hazır olduqlarını bildirib. Ərazi məsələsinin liderlər səviyyəsində, digər mövzuların isə texniki qruplar çərçivəsində müzakirə edilməli olduğunu qeyd edib.

Rusiya əleyhinə sanksiyaların ləğv edilməməli olduğunu müdafiə edən Zelenski ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçiriləcəyi təqdirdə Ukraynanın danışıqlar masasında güclü mövqedə olmasının vacibliyini vurğulayıb. O bildirib ki, belə bir vəziyyətdə Trampın da qeyd etdiyi kimi, Ukraynanın əlində çox sayda imkan qalmaya bilər.

Zelenski çıxışında Rusiyanın qanunsuz ilhaq etdiyi Ukraynanın Xerson vilayətində yerləşən Oleşki şəhərinin sakinlərinə humanitar yardım çatdırılması üçün oktyabrın 27-dən müvəqqəti atəşkəs elan edilməsi qərarını da şərh edib.

O, müvəqqəti atəşkəsin ABŞ-ın təklifi ilə elan olunmasının qərara alındığını və bir neçə gün davam edəcəyini bildirib. Zelenskinin sözlərinə görə, humanitar yardım qrupları əraziyə çatmalıdır; bu prosesdə amerikalılar, ukraynalılar və ruslar iştirak etməlidirlər.

Ukrayna Prezidenti Rusiya ordusunun bölgədəki yolları minalardan təmizləməli olduğunu deyib. O bildirib ki, Rusiya sakinlərin öz ərazisinə getməsi və orada qalması üçün yolların minalardan təmizlənməsi istiqamətində bütün imkanlarından istifadə etməlidir. Zelenski insanların sərbəst buraxılmasına tərəddüdlə yanaşıldığını, onların bir qisminin Ukraynanın nəzarətində olan ərazilərə təxliyə ediləcəyini qeyd edib. Onun sözlərinə görə, əsas məqsəd insanların yaşaya bilməsi üçün blokadanın aradan qaldırılmasıdır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu