Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla birlikdə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
AFN.az xəbər verir ki, BMT Baş Assambleyasının 81-ci sessiyası ilə bağlı Nyu-Yorkda olan Zelenski Trampla keçirdiyi ikitərəfli görüşdən sonra mətbuat konfransı keçirib.
ABŞ Prezidenti Trampla görüşünün bəzi detalları barədə məlumat verən Zelenski müharibənin mümkün qədər tez başa çatdırılmasının vacibliyini vurğulayıb və bütün tərəflərin ən qısa zamanda hərəkətə keçməli olduğunu deyib.
Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoyulması üçün liderlərin bir araya gəlməsinin vacib olduğunu bildirib.
O, Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu qeyd edib. Zelenskinin sözlərinə görə, Tramp ABŞ, Rusiya və Ukrayna liderlərinin iştirakı ilə sammit keçirilməsi üçün hazırlıq işləri apara bilər.
Ukrayna Prezidenti belə bir görüş keçiriləcəyi təqdirdə üç ölkənin liderlərinin müharibə ilə bağlı ən mühüm məsələləri müzakirə edə biləcəyini bildirib. Zelenski üçtərəfli görüşə hazır olduğunu, lakin Putinin buna hazır olduğunu düşünmədiyini və onun müharibəni bitirməyə hazır olmadığını deyib.
Zelenski görüş zamanı müharibə çərçivəsində enerji sahəsində atəşkəs əldə olunması məsələsinin də müzakirə edildiyini bildirib. O, Rusiyanın Ukraynanın enerji sektorunu hədəfə almadığı müddətdə enerji atəşkəsinə hazır olduqlarını qeyd edib.
Zelenski belə bir atəşkəsin əldə olunması üçün Ukraynanın təkliflərinin ABŞ tərəfindən Rusiyaya çatdırılacağını bildirib.
O, daha əvvəl ABŞ-dan Patriot hava hücumundan müdafiə sistemlərində istifadə olunan raketlərin istehsalı üçün müvafiq lisenziya tələb etdiklərini xatırladıb və bu məsələ ilə bağlı ABŞ-ın aidiyyəti rəsmiləri ilə işlərin davam etdiyini deyib.
