Zelenski: Rusiya müharibəni bitirməyə hazır olduğunu nümayiş etdirmir



Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun ölkəsinə qarşı intensiv hava hücumlarını davam etdirdiyini bildirərək, Moskvanın yaxın gələcəkdə müharibəni dayandırmağa hazır olmadığını deyib.

Zelenski sosial şəbəkə hesabında paylaşdığı məlumatda Rusiyanın bu səhər ölkəsinə təxminən 40 raket və 400-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyini qeyd edib. Hücumlarda əsasən enerji infrastrukturunun hədəf alındığını vurğulayan Zelenski, enerji obyektlərinə ciddi ziyan dəydiyini və genişmiqyaslı elektrik kəsintilərinin yarandığını bildirib.

Rusiyanın müharibəni bitirmək niyyətində olmadığını müdafiə edən Zelenski bu ifadələri işlədib:

"Rusiya yaxın gələcəkdə bu müharibəni sona çatdırmağa hazır olduğunu nümayiş etdirmir. Rusiya həm cəbhə xəttində, həm də bu cür irimiqyaslı hücumlarla Ukraynanın faktiki olaraq məhv edilməsi siyasətini davam etdirir."

Rusiya ordusunun Ukraynanın mühüm enerji infrastrukturunu hədəf almasının Avropanın təhlükəsizliyi üçün də təhdid yaratdığını qeyd edən Zelenski, ABŞ, Aİ və digər müttəfiqlərin Rusiyaya qarşı təzyiqləri artırmalı olduğunu qeyd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu