Britaniyada Rusiyaya casusluqda şübhəli bilinən ABŞ hərbçisi saxlanılıb
ABŞ ordusunda xidmət edən 41 yaşlı hərbçi Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinərək Britaniyada antiterror polisi tərəfindən saxlanılıb.
AFN.az xəbər verir ki, hərbçi çərşənbə axşamı Qloster yaxınlığında ABŞ rəsmiləri, ABŞ ordusu və Federal Təhqiqat Bürosunun (FBI) iştirak etdiyi birgə araşdırma çərçivəsində tutulub.
Yüksək rütbəli hərbçinin Londondakı polis bölməsində saxlanıldığı bildirilib.
Adı açıqlanmayan hərbçinin 2023-cü il Milli Təhlükəsizlik Aktı çərçivəsində irəli sürülən ittihamlarla əlaqədar saxlanıldığı qeyd olunub. İddiaların qorunan məlumatları əldə etmək və ya açıqlamaq, eləcə də xarici kəşfiyyat xidmətinə yardım etmək maddələrini əhatə etdiyi bildirilib.
Polis araşdırma çərçivəsində Qlosterşir bölgəsindəki iki ayrı ünvanda axtarış aparıldığını açıqlayıb. Hərbçinin Qlosterşirdəki İnsvort ərazisində yerləşən və NATO-nun Müttəfiq Çevik Reaksiya Korpusu Qərargahına ev sahibliyi edən İmcin kazarmasında xidmət etdiyi təsdiqlənib.
Antiterror Polisinin baş milli koordinatoru Viki Evans saxlanılmanın Britaniya və ABŞ rəsmiləri arasında sıx əməkdaşlıq nəticəsində həyata keçirildiyini bildirib. O, irəli sürülən iddiaların ciddi olduğunu və araşdırmanın davam etdiyini vurğulayıb.
FBI direktoru Kaş Patel isə ABŞ-a verdikləri andı pozanlara qarşı güzəştə getməyəcəklərini bildirib. Patel son 21 ayda casusluq hallarının 53 faiz artdığını qeyd edib.
ABŞ Ordusunun Əks-kəşfiyyat Komandanlığının briqada generalı Şon Stinçon da baş verən hadisənin daxili təhdidlərin real olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb.


