Makron və həyat yoldaşı Kendıs Ouensə qarşı yeni iddia qaldırıb
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron cinsiyyət və şəxsiyyət oğurluğu ilə bağlı iddialarını davam etdirən ifrat sağçı amerikalı podkast aparıcısı Kendıs Ouensə qarşı ABŞ-ın Tennessi ştatında yeni böhtan iddiası qaldırıblar.
AFN.az xəbər verir ki, Makron cütlüyü daha əvvəl 2025-ci ilin iyulunda Ouens və onun media şirkətlərinə qarşı Delaver ştatında məhkəmə iddiası açmışdı.
Lakin məhkəmə Ouensin həmin ştatda yaşamaması səbəbindən iddianın yalnız Delaverdə qeydiyyatdan keçmiş şirkətlərlə məhdudlaşdırılmasına qərar vermişdi.
Makron cütlüyünün vəkilləri noyabrın 4-də Ouensin şəxsi yaşayış yerinin yerləşdiyi Neşvil şəhərində yeni iddia ərizəsi təqdim ediblər.
88 ayrı böhtan və yanlış məlumat yayma ittihamının yer aldığı ərizədə Ouensin əsassız iddialarını qazanc əldə etmək məqsədilə davam etdirdiyi bildirilib.
Məhkəmə ərizəsində vurğulanıb ki, Ouens Delaverdə qaldırılan ilk iddiadan sonra geri çəkilməyib, əksinə, səkkiz hissədən ibarət podkast seriyası və sosial media paylaşımları vasitəsilə iddialarını daha da genişləndirib.
Yayımda istifadə edilən və Bricit Makronu karikaturalaşdıran oyuncaq kuklanın da böhtan elementi kimi iddia ərizəsinə daxil edildiyi bildirilib.
Makron cütlüyü 73 yaşlı Bricit Makronun cinsiyyətini dəyişərək böyük qardaşı Jan-Mişel Troqnyonun kimliyini mənimsəməsi, Emmanuel Makronun Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) zehni nəzarət proqramı vasitəsilə prezident seçilməsi və cütlük arasında qohumluq əlaqəsinin olması barədə Ouensin iddialarının tamamilə yalan olduğunu qeyd edib.
İddia ərizəsində bu vəziyyətin dünya miqyasında linç kampaniyasına çevrildiyi bildirilib.
Makron cütlüyü təzminat ödənilməsi ilə yanaşı, əsassız bəyanatların yenidən dərc edilməsinin qarşısını alacaq müvəqqəti qadağa qərarının çıxarılmasını da tələb edib.
Kendıs Ouens isə sosial media hesabında paylaşdığı açıqlamada məhkəmə iddiası ilə bağlı istehzalı ifadələr işlədib.

