Anthropic birjada 1,33 trilyon dollarlıq dəyərləndirmə ilə IPO-ya hazırlaşır
Süni intellekt köməkçisi Claude-un yaradıcısı Anthropic şirkəti ilkin kütləvi səhm təklifi (IPO) üçün hər səhmə 70-78 dollar qiymət aralığı müəyyən edib.
AFN.az xəbər verir ki, şirkətin səhmləri bu qiymət aralığının orta həddindən satışa çıxarılarsa, 61 milyard dollar vəsait cəlb ediləcəyi, ümumi bazar dəyərinin isə 1,33 trilyon dollara çatacağı hesablanır.
İlkin kütləvi səhm təklifinin gələn həftənin sonlarına doğru həyata keçirilməsi gözlənilir. Bazar ekspertləri indiyədək birja tarixində birbaşa süni intellekt modeli hazırlayan şirkətin səhmlərinin kütləvi satışa çıxarılmadığına diqqət çəkirlər.
Beş il əvvəl yaradılan Anthropic şirkəti gəlirlərini sürətlə artırmasına baxmayaraq, indiyədək yalnız bir rübdə əməliyyat mənfəəti açıqlaya bilib. Şirkətin qarşıdakı bir neçə il ərzində hesablama gücü və məlumat mərkəzi infrastrukturu üçün xərcləməyi öhdəsinə götürdüyü təxminən 900 milyard dollarlıq maliyyə öhdəliyi var.
Anthropic son rübdə satış gəlirlərini ötən ilin eyni dövrü ilə müqayisədə 1127 faiz artıraraq 17 milyard dollara çatdırıb. İlin ilk doqquz ayında isə ümumilikdə 33,2 milyard dollar satış gəliri əldə edib. Şirkət IPO prospektində bu cür yüksək artım göstəricilərinin uzunmüddətli perspektivdə davamlı olmadığını və gəlirlərin eyni sürətlə artacağına zəmanət verilmədiyini bildirib.
Həmçinin qeyd olunub ki, şirkətin bu ilki satışlarının dörddə birini cəmi beş müştəri təşkil edib. Bəzi müştərilərin eyni zamanda Anthropic ilə rəqabət aparan şirkətlər olması gəlir axınının bir neçə iri şirkətin qərarlarından asılılığı ilə bağlı narahatlıqları artırır.
Şirkətin IPO prospektində təsisçi olmayan əməkdaşlara sahib olduqları səhmlərin 10 faizini ilk gündə satmağa icazə verən mərhələli qrafik yer alıb.
İlk il ərzində əməkdaşların səhm sata biləcəyi 23 fərqli tarix müəyyən edilib. Ekspertlər indiyədək özəl investorlar və vençur kapitalı şirkətləri tərəfindən yatırılmış 130 milyard dollarlıq vəsaitdən sonra IPO-nun həmin investorlar üçün investisiyadan çıxış imkanı kimi qiymətləndirildiyini bildirirlər. Onların fikrincə, bu vəziyyət ictimai bazardakı investorlar üçün risk yaradır.
Digər tərəfdən, şirkətin yeddi təsisçisinin səhmlər üzrə səsvermə hüquqlarının əksəriyyətinə sahib olduğu xüsusi mülkiyyət strukturu da investorlar və səlahiyyətli şəxslər tərəfindən tənqid olunan məsələlər sırasındadır.
IPO prosesi ilə bağlı investorlarla müzakirələrin bu həftə də davam etməsi gözlənilir.
