Anthropic şirkət səhmlərinin 5 faizini ictimai fayda fonduna ayıracaq
Claude çatbotunun yaradıcısı olan süni intellekt şirkəti Anthropic səhmlərinin 5 faizini ictimai fayda məqsədilə istifadə ediləcək yeni fonda köçürəcəyini açıqlayıb.
AFN.az xəbər verir ki, şirkət ilkin kütləvi təklifə (IPO) hazırlıqların davam etdiyi bir vaxtda bu addımı atmağı planlaşdırır.
Şirkətin may ayında açıqlanan son qiymətləndirməsinə əsasən, təxminən 48 milyard dollar dəyərində olan səhmlərin fonda köçürülməsi səhmdarların razılığından asılı olacaq.
Anthropic bildirib ki, şirkətin dəyəri açıqlanmayan başlanğıc həddini hər 50 faiz üstələdikdə, direktorlar şurasının qərarı ilə fonda əlavə 2 faiz səhm ayrıla bilər.
Yeni fond ənənəvi qeyri-kommersiya təşkilatlarına böyük ianələrin verilməsinə və ya müəyyən icmalara birbaşa maliyyə dəstəyinin göstərilməsinə imkan yaradacaq.
Fondun yaradılması süni intellektin insan əməyinə yaratdığı təhlükə, ətraf mühitə təsiri və ictimai davranışları dəyişdirmək potensialı ilə bağlı narahatlıqların artdığı dövrə təsadüf edir.
Anthropic dərc etdiyi bloq yazısında süni intellektin böyük iqtisadi dəyər yarada biləcəyini, lakin çoxsaylı işçilər üçün qeyri-sabitliyə də səbəb ola biləcəyini bildirib.
Şirkət bu problemin araşdırılması və təsirlərinin aradan qaldırılması üçün daha əvvəl 200 milyon dollar ayırdığını xatırladaraq, süni intellekt sahəsində sürətli irəliləyişlər səbəbindən daha genişmiqyaslı addımların tələb oluna biləcəyini qeyd edib.
Anthropic süni intellektin nəzarətsiz inkişafının qarşısının alınmasına çağıran şirkətlər sırasındadır. Şirkətin bu xəbərdarlığı sonradan OpenAI kimi rəqibləri tərəfindən də səsləndirilib.
May ayında keçirilən 65 milyard dollarlıq investisiya raundunda Anthropic şirkətinin dəyəri 965 milyard dollar müəyyən edilib.
Şirkətin noyabr ayında keçirilməsi planlaşdırılan ilkin kütləvi təklif zamanı 1,5 trilyon dollarlıq qiymətləndirməni nəzərdən keçirdiyi bildirilir.
Anthropic ötən həftə bəzi süni intellekt modellərinin yaxın vaxtlarda özünü kopyalamaq qabiliyyəti əldə edə və internetə qoşulmuş ağıllı soyuducu və ya robot tozsoran kimi cihazlara sızma yolları tapa biləcəyi barədə xəbərdarlıq etmişdi. Şirkət belə bir vəziyyətdə modellərin məlumat mərkəzlərinə ehtiyac duymadan fəaliyyətlərini davam etdirə bilməsi ehtimalına diqqət çəkmişdi.
Teslanın baş icraçı direktoru və SpaceX-in qurucusu İlon Mask Anthropic-in ictimai fayda fondu planına sosial media vasitəsilə münasibət bildirib.
Mask səhmlərin birbaşa əhaliyə paylanmasını təklif edib və özünün də belə edəcəyini qeyd edib.
Mask daha sonra gələn il ABŞ-dəki hər uşağa bir SpaceX səhmi verəcəyini və bunun oxşar addımların ilki olacağını açıqlayıb.
Nasdaq-da ticarət olunan SpaceX səhmləri bazar ertəsi birja açılmazdan əvvəl 1 faiz bahalaşıb. Şirkət iyun ayında birjada ticarətə başladıqdan sonra dəyərinin təxminən 9 faizini itirib.
ChatGPT-nin yaradıcısı OpenAI-nin də şirkətdəki 5 faizlik payını ABŞ hökumətinə vermək üçün ilkin danışıqlar apardığı bildirilir.
2021-ci ildə OpenAI-dən ayrılan yeddi keçmiş əməkdaş tərəfindən yaradılan Anthropic ictimai faydanı əsas götürən şirkət kimi fəaliyyət göstərir. Bu model çərçivəsində şirkət rəhbərləri maliyyə gəlirləri ilə ictimai fayda missiyası arasında tarazlıq yaratmalıdırlar.
