Braziliyada Bolsonaroya qarşı maliyyə əməliyyatları ilə bağlı araşdırma başlanıb



Braziliyada sağçı müxalifətdən prezidentliyə namizəd, senator Flaviu Bolsonaro çirkli pulların yuyulmasında iştirakda şübhəli bilinir.

AFN.az xəbər verir ki, “O Globo” qəzeti istintaq materiallarına istinadən Federal Polisin siyasətçi barəsində araşdırmaya başladığını yazıb.

İşə Braziliya Ali Federal Məhkəməsində baxılır, məruzəçi hakim Aleksandri di Morais təyin olunub. Polis Bolsonaronun vəkili Viller Tomazla birlikdə qanunsuz onlayn mərc oyunları işi ilə əlaqəli yaranmış çirkli pulların yuyulması sxemində iştirak edib-etmədiyini araşdırır. Bolsonaronun özü mərc oyunları ilə bağlı işdə şübhəli şəxs deyil. Vəkil isə onlayn kazinolardakı ümumi dövriyyəsi təxminən 10 milyard reala (1,8 milyard dollara yaxın) çatan şübhəli əməliyyatlara görə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.

Vəkilin bulud yaddaşında saxlanılan yazışmalarına giriş əldə edildikdən sonra müstəntiqlər onun senatorla sıx əlaqələrini üzə çıxarıblar. Məlumatlarda Bolsonaronun vəkilin nəzarətində olan holdinqin bank hesabına çıxışının olduğu, eləcə də bahalı birgə uçuşların və yaşayış yerinin təmin edildiyi göstərilib. Bununla belə, müdafiə tərəfi ortaq hesabın mövcudluğunu qəti şəkildə təkzib edir və yazışmaların real maliyyə münasibətlərini sübut etmədiyini bildirir.

Flaviu Bolsonoru mətbuata açıqlama verməyib. Onun nümayəndəsi isə bütün qanun pozuntusu ittihamlarını rədd edərək, qapalı işlə bağlı məlumatların həlledici teledebatlardan bir neçə saat əvvəl sızdırılmasını prezident seçkilərinin nəticələrinə birbaşa təsir göstərmək üçün polis aparatından qanunsuz istifadə cəhdi adlandırıb.

Braziliyada prezident seçkilərinin ikinci turu oktyabrın 25-də keçiriləcək. Oktyabrın 4-də baş tutan birinci turda Bolsonaro 47,03 faiz səs toplayaraq hazırkı dövlət başçısı Luis İnasio Lula da Silvanı qabaqlayıb. Lula da Silva seçicilərin 45,16 faizinin dəstəyini qazanıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu