ABŞ Yaxın Şərqdəki vətəndaşlarını təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb
ABŞ Yaxın Şərqdə yaşayan və ya bölgəyə səfər edən vətəndaşlarını hava limanları və aviaşirkətlərin fəaliyyəti ilə bağlı məlumatları izləməyə, eləcə də mürəkkəb təhlükəsizlik şəraiti səbəbindən daha ehtiyatlı olmağa çağırıb.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin konsulluq məsələləri üzrə bölməsinin ABŞ-ın X sosial media platformasındakı hesabında yayımlanan açıqlamada bildirilib.
Açıqlamada Yaxın Şərqdə olan ABŞ vətəndaşlarına mürəkkəb təhlükəsizlik şəraiti səbəbindən daha diqqətli olmaları tövsiyə edilib. Mümkün uçuşların ləğvi, hava məkanının bağlanması və səyahətlərdə yarana biləcək fasilələr barədə məlumatlı olmağın vacibliyi vurğulanıb.
Açıqlamada Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində mülki obyektlərə və kritik infrastruktura ziyan dəydiyi xatırladılıb. Bunun səyahətlərdə fasilələrə səbəb olduğu qeyd edilib.
Bu hadisələrin Yaxın Şərqdən kənara da sürətlə yayılma potensialına malik olduğu bildirilib. Açıqlamada Yaxın Şərqə səfər edən və ya bölgədən qayıdan amerikalıların hava limanları və aviaşirkətlərin fəaliyyəti ilə bağlı məlumatları izləməli, əvvəlcədən fövqəladə hallar üçün fəaliyyət planları hazırlamalı olduqları vurğulanıb.
