İndoneziyada 51 oranqutan yanğından xilas edilib



İndoneziyada aylardır davam edən meşə yanğınları nəsli kəsilmək təhlükəsi ilə üzləşən Borneo oranqutanlarının həyatını təhdid edir.

AFN.az xəbər verir ki, səlahiyyətli qurumlar və könüllülər yanğınlardan zərər çəkən heyvanları xilas edərək təhlükəsiz ərazilərə çatdırmağa çalışırlar. Avqust ayından bəri 51 oranqutanın xilas edildiyi bildirilir.

Cənub-Şərqi Asiyada yayılan meşə yanğınları İndoneziya başda olmaqla, bölgənin bir sıra ölkələrini sıx tüstü altında qoyub. Kənd təsərrüfatı sahələri açmaq məqsədilə bitki örtüyünün yandırılması yanğınların əsas səbəbləri arasında yer alır. El-Ninyo hava hadisəsi də quraqlığı artıraraq yanğınlarla mübarizəni çətinləşdirir.

Aylarla davam edən yanğınların yaratdığı hava çirklənməsi səbəbindən İndoneziya, Malayziya, Sinqapur və Şərqi Timorda məktəblər bağlanıb. İnsanlar və heyvanlar arasında tənəffüs yolu xəstəliklərinin artdığı bildirilir.

İyulun sonunda başlayan yanğınlar Borneo oranqutanlarının yaşayış mühitini ciddi şəkildə təhdid edir. Səlahiyyətli qurumlar və könüllü təşkilatlar yanğınlardan zərər çəkən vəhşi heyvanları xilas etmək üçün fəaliyyətlərini davam etdirirlər.

AFP-nin məlumatına görə, Qərbi Kalimantan Təbiəti Mühafizə İdarəsi ilə qeyri-kommersiya təşkilatı YIARI avqustun 6-dan bəri 51 oranqutanı xilas edərək təhlükəsiz ərazilərə yerləşdirib.

İndoneziya Meşə Nazirliyinin məlumatlarına görə, son aylarda Kalimantan bölgəsində xilas edilən oranqutanların sayı 96-ya çatmış ola bilər.

Yanğınlardan zərər çəkən bəzi oranqutanların yanıqlar, qidalanma çatışmazlığı və ağır qanazlığı kimi sağlamlıq problemləri yaşadığı, onların intensiv müalicə altına alındığı bildirilir.

Bir vaxtlar Sumatra və Borneo adalarında oranqutanların ümumi sayının 230 mini keçdiyi, hazırda isə təxminən 104 minə düşdüyü qeyd olunur. Davam edən yanğınlar nəsli kəsilmək təhlükəsi altında olan bu canlıların sağ qalması ilə bağlı narahatlıqları artırır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu