ABŞ-ın Vaşinqton ştatındakı meşə yanğınları səbəbindən 60 minə yaxın insan təxliyə edilib
ABŞ-ın Vaşinqton ştatının Spokane bölgəsində davam edən meşə yanğınları nəticəsində 600-dən çox tikili yararsız vəziyyətə düşüb.
AFN.az xəbər verir ki, bölgədən təxminən 60 min nəfər təxliyə edilib.
NBC News-un yaydığı məlumata görə, Spokane bölgəsində davam edən 15 meşə yanğını nəticəsində təxminən 101 min hektar ərazi yanğından zərər görüb.
Yanğınlar hələ də tam nəzarət altına alınmayıb və onların söndürülməsi istiqamətində işlər davam etdirilir.
ABŞ Milli Hava Xidməti (NWS) bildirib ki, bölgədə saatda 56 kilometrə çatan güclü külək və aşağı rütubət səbəbindən yanğın təhlükəsi yüksək olaraq qalır.
Rəsmilərin məlumatına görə, Spokane bölgəsində təxminən 60 min nəfər təxliyə olunub, 600-dən çox tikili isə istifadəyə yararsız hala düşüb.
Spokane şəhərinin meri Lisa Braun keçirdiyi mətbuat konfransında baş verənləri "bölgənin indiyədək üzləşdiyi ən böyük təbii fəlakət" kimi qiymətləndirib.
Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını bildirib. Onun sözlərinə görə, Tramp yanğınlardan zərər çəkən sakinlərə dəstəyini ifadə edib.
Qeyd edək ki, Bob Ferqyuson 1 avqust tarixində meşə yanğınları ilə əlaqədar Vaşinqton ştatında fövqəladə vəziyyət elan edib.

