Kanadada hərbi bazada baş verən yanğında 4 əsgər ölüb



Kanadanın Alberta əyalətində yerləşən Veynrayt hərbi bazasında baş verən yanğın nəticəsində 4 əsgərin öldüyü, çox sayda hərbçinin isə ağır yaralandığı açıqlanıb.

AFN.az xəbər verir ki, CBC News telekanalının məlumatına görə, Kanadanın müdafiə naziri Devid MakQuinti keçirdiyi mətbuat konfransında Veynrayt bazasında yanğın baş verdiyini, hadisə nəticəsində ölən və yaralananların olduğunu bildirib.

Yanğının başvermə səbəbi ilə bağlı açıqlama verməyən MakQuinti vəziyyətin həssaslığını qoruduğunu vurğulayıb və hadisənin yaxından izlənildiyini qeyd edib.

Kanadanın Baş naziri Mark Karni də sosial media hesabında yaydığı açıqlamada hərbi bazada böyük yanğına səbəb olan ciddi hadisənin baş verdiyini bildirib və hadisədən zərər çəkən hərbi qulluqçularla bağlı kədərini ifadə edib.

Alberta əyalətinin baş naziri Danielle Smit isə yanğını ciddi və faciəvi hadisə kimi xarakterizə edərək, çox sayda hərbi qulluqçunun bundan təsirləndiyini bildirib.

Veynrayt bələdiyyə dairəsinin rəhbərliyi yanğının hərbi bazanın sərhədlərini aşaraq ətraf əraziyə yayıldığını və güclü külək səbəbindən sürətlə irəlilədiyini açıqlayıb.

Bir neçə qurumun yanğınsöndürmə və fövqəladə hallar qrupları yanğının söndürülməsinə cəlb olunub. Hadisə ilə əlaqədar bölgə sakinlərinə ərazidən uzaq durmaq və fövqəladə hallar avtomobillərinin hərəkətinə mane olmamaq çağırışı edilib.

Kanada Silahlı Qüvvələri və Kanada Kral Atlı Polisi (RCMP) hadisənin səbəbini və təfərrüatlarını araşdırır.

Baş nazir Karni ilk açıqlamasından bir neçə saat sonra paytaxt Ottavada keçirilən mətbuat konfransında hadisə ilə bağlı yenilənmiş məlumatları bölüşüb.

O, yanğın nəticəsində indiyədək 4 əsgərin öldüyünün təsdiqləndiyini, çox sayda hərbçinin isə ağır yaralandığını bildirib.

Karni hadisəni Kanada ərazisindəki qüvvələr üçün sülh dövründə baş verən ən böyük faciələrdən biri kimi xarakterizə edib və federal binalardakı bayraqların yarıya qədər endirilməsi barədə göstəriş verdiyini qeyd edib.

Alberta əyalətində, Veynrayt bölgəsinin yaxınlığında yerləşən hərbi baza ölkənin mühüm hərbi təlim mərkəzlərindən biridir. Burada hərbi qulluqçuların döyüş əməliyyatlarına hazırlanması üzrə təlimlər keçirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu