İspaniyanın şərqində güclü yağışlar nəticəsində ölənlərin sayı 4-ə çatıb
İspaniyanın şərqində güclü yağışlar həyatı iflic edib, ölənlərin sayı 4-ə yüksəlib, evlərində köməksiz vəziyyətdə qalan 2 mindən çox insan xilas edilib.
AFN.az xəbər verir ki, ölkənin şərqindəki Valensiya, Kataloniya və Balear adaları bölgələrində iki gündür davam edən leysan yağışları ciddi fəsadlara səbəb olub.
Kataloniyada iki qadının sel sularına qapılaraq öldüyü, Valensiya bölgəsində isə güclü yağışlar səbəbindən iki nəfərin həyatını itirdiyi bildirilib. Beləliklə, ölənlərin ümumi sayı 4-ə çatıb.
Jandarmın mətbuata verdiyi məlumata görə, güclü yağışlardan ən çox təsirlənən Valensiyanın Oliva rayonunda birinci mərtəbədəki evində köməksiz vəziyyətdə qalan 79 yaşlı qadının meyiti tapılıb. Həmin evdə olan qadının qardaşı qızı isə xilas edilib.
Oliva şəhərində sel baş verən düşərgələrdən birində 64 yaşlı kişinin ürəktutmasından öldüyü açıqlanıb.
Güclü yağışlar səbəbindən bir çox ərazidə yerli hakimiyyət orqanları sakinlərə zərurət olmadıqca küçəyə çıxmamaq barədə xəbərdarlıq edib.
Valensiya muxtar bölgəsi üzrə hökumət nümayəndəsi Pilar Bernabe mətbuata açıqlamasında sahilboyu ərazidə La Safor adlanan bölgənin tamamilə su altında qaldığını bildirib.
Bernabe bəzi ərazilərə 650 kiloqramdan çox yağıntı düşdüyünü deyib. Yağışların davam edəcəyinin gözlənildiyini və bir çox bələdiyyənin tamamilə su altında qaldığını bildirən Bernabe helikopterlərin hazır vəziyyətdə saxlanıldığını, jandarm qüvvələrinin qayıqlarla köməksiz vəziyyətdə qalan insanları xilas etməyə çalışdığını qeyd edib.
Bernabe iki düşərgədə qalan təxminən 2 min nəfərin təxliyə edilərək müəyyənləşdirilmiş sığınacaq məntəqələrinə aparıldığını açıqlayıb. O, sakinlərə evlərini tərk etməmək və yüksək ərazilərdə qalmaq barədə çağırış edərək hərəkət etməyin mümkün olmadığını bildirib.
Bu arada, bəzi kiçik bələdiyyələrdə yerli rəsmilər evlərini su basan bəzi sakinlərin damlara çıxaraq xilas edilmək üçün kömək gözlədiklərini bildiriblər.
Rəsmilər evlərində köməksiz vəziyyətdə qalan 2 mindən çox insanın xilas edildiyini açıqlayıblar.
Bundan əlavə, Valensiya və Balear adalarında çoxsaylı ev və iş yerlərini su basıb, məktəblərdə dərslər dayandırılıb.
Yağışlar səbəbindən çoxsaylı avtomobilin yollarda hərəkətsiz qaldığı da bildirilib.
Meteorologiya rəsmiləri yağışlı havanın bu axşamdan etibarən bölgəni tərk etməsinin gözlənildiyini açıqlayıblar.
