Milan iğtişaşlarından sonra 200 nəfər saxlanılıb
İtaliya hökuməti iğtişaşlardan sonra ictimai asayişi təmin etmək üçün Milana 500 hərbçi göndərəcək.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, müvafiq qərarın oktyabrın 20-də Nazirlər Şurasının fövqəladə iclasında təsdiqlənməsi gözlənilir.
Bu qərar baş nazir Corcia Meloninin rəhbərliyi ilə hüquq-mühafizə orqanları və Daxili İşlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə qəbul edilib. Hərbçilər ötən həftəsonu şəhərdə baş verən iğtişaşlar və talanlardan sonra təhlükəsizlik qüvvələrinə dəstək məqsədilə göndəriləcək.
Şəhərin mərkəzindəki mağaza və barlara dəyən zərər də daxil olmaqla, ticarət sektorunun ümumi itkisinin 700 milyon avro olduğu qiymətləndirilir. Buna vandalizm, talan və qarətlə yanaşı, mağaza və restoranların məcburi bağlanması da səbəb olub.
Oktyabrın 16-da İtaliyanın müxtəlif şəhərlərində Corcia Meloni hökumətinə və onun siyasətinə qarşı etirazlar keçirilib. Tələbə aksiyaları kimi başlayan nümayişlər Roma, Turin və Bolonyada ayrı-ayrı insidentlərlə müşayiət olunub. Milanda isə etirazlar sonrakı həftəsonu da davam edib və əsasən şəhər mərkəzində cəmləşib.
Etirazçılar sosial şəbəkələrdə “17 Oktyabr Hərəkatı”nın yaradıldığını elan edərək hər şənbə nümayiş keçirəcəklərini bildiriblər.
