ABŞ-da Raul Kastronun həbsinə order verilib
ABŞ-ın Florida ştatının məhkəməsi Kubanın keçmiş lideri, 95 yaşlı Raul Kastronun həbsinə order verib.
AFN.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.
May ayında ABŞ hakimiyyəti Kuba inqilabının liderlərindən biri olan Raul Kastroya qarşı ittihamlar irəli sürüb. Ona dörd qətl epizodu, iki təyyarənin məhv edilməsi və ABŞ vətəndaşlarını öldürmək məqsədilə cinayət sövdələşməsində iştirak ittihamları verilib. İş üzrə daha beş nəfər də təqsirləndirilən şəxs qismində göstərilib.
"CBS News"un məlumatına görə, ittihamlar 1996-cı ildə Kuba hərbi hava qüvvələrinin Mayamidə yerləşən mühacir təşkilatı “Xilasetməyə gələn qardaşlar”a məxsus iki təyyarəni vurması ilə bağlı ola bilər. Telekanalın bildirdiyinə görə, Florida ştatının prokurorluğu 2026-cı ildə həmin hadisə üzrə istintaqı yenidən başladıb.
