ABŞ-ın Kastroya qarşı irəli sürdüyü qanunsuz ittihamlar bir farsdır - Kuba XİN
Kuba xarici işlər naziri Bruno Rodriqes Parrilya Kuba inqilabının liderlərindən biri Raul Kastroya qarşı ABŞ hökuməti tərəfindən irəli sürülən ittihamları fars adlandırıb.
AFN.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Biz ABŞ hökumətinin Kuba inqilabının lideri, ordu generalı Raul Kastro Rusa qarşı irəli sürdüyü qanunsuz və qeyri-legitim ittiham teatrını pisləyirik. Bu addım yalanı ifşa edir və qanuni özünümüdafiə çərçivəsində Kuba hava məkanında "Qardaşlar köməyə gəlir" terror təşkilatına məxsus iki təyyarənin vurulması ilə nəticələnən hadisələrə dair yaxşı sənədləşdirilmiş tarixi faktları gizlətməyə yönəlib", - deyə nazir bildirib.
Kuba XİN başçısının sözlərinə görə, ABŞ-ın bu hərəkətləri yalan narrativi gücləndirmək və Kuba xalqına qarşı təcavüzün artırılmasına bəraət qazandırmaq məqsədi daşıyır. Rodriqes Parrilya həmçinin qeyd edib ki, bu tədbirləri öz ərazisindən Kubaya qarşı terror və zorakılıq hərəkətlərinin təşkilində və həyata keçirilməsində əli olan, bu yaxınlarda isə Karib dənizi və Sakit okeanın beynəlxalq sularında narkotik ticarəti ilə əlaqədə şübhəli bilinən 200-ə yaxın insanı məhkəməsiz edam edən eyni hökumət həyata keçirir. Nazir Kubanın özünümüdafiə hüququndan imtina etməyəcəyini və ordu generalını tam dəstəklədiklərini vurğulayıb.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ hakimiyyəti Raul Kastroya qarşı rəsmi ittiham irəli sürüb. "CBS News" telekanalının məlumatına görə, bu ittihamlar 1996-cı ildə Kuba Hərbi Hava Qüvvələrinin Mayamidə yerləşən mühacir təşkilatına məxsus iki təyyarəni vurması hadisəsi ilə bağlı ola bilər. Telekanal dəqiqləşdirib ki, bu ilin əvvəlində Florida ştatının prokurorluğu həmin iş üzrə təhqiqatı yenidən başladıb.

