Aqil Ələsgər Bişkekdə “Ən yaxşı jurnalist” medalı ilə təltif olunub
“Yeni Çağ” Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk dövlətləri ilə Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub.
AFN.az xəbər verir ki, ona Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvlük vəsiqəsi və “Ən yaxşı jurnalist” medalı təqdim edilib.
Təqdimat Qırğızıstanın paytaxtı Bişkekdə, Yusuf Balasaqun adına Qırğız Milli Universitetində Türk Dünyası Jurnalistlər Federasiyasının təşkil etdiyi Türk Dünyası Qırğızıstan Jurnalistlər Çalıştayı çərçivəsində baş tutub.
Qırğızıstan Jurnalistlər Birliyinin sədri İlyasbek Baltaşev Aqil Ələsgərə birliyin fəxri üzvlük vəsiqəsini, həmçinin “Ən yaxşı jurnalist” medalını təqdim edib.
İlyasbek Baltaşev bildirib ki, Qırğızıstan Jurnalistlər Birliyi 20 ildən çoxdur fəaliyyət göstərir. Onun sözlərinə görə, ilk dəfədir ki, birlik ölkə xaricindən olan jurnalistləri təltif edir. Bu mükafat türk xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin media müstəvisində gücləndirilməsi, ortaq dəyərlərin təbliği və jurnalistlər arasında peşəkar əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərə verilən qiymətdir.
İlyasbek Baltaşev, həmçinin Azərbaycan və Qırğızıstanın media qurumları arasında birbaşa təmasların artırılmasının iki ölkənin ictimaiyyətinin bir-birini daha yaxından tanıması baxımından əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, qarşılıqlı informasiya mübadiləsi, birgə media layihələri və jurnalistlərin təcrübə paylaşması əlaqələrin davamlı inkişafı üçün mühüm imkanlar yaradır.
Qeyd edək ki, Aqil Ələsgərlə yanaşı, Türk Dünyası Jurnalistlər Federasiyasının təmsilçisi Menderes Demir, Türk İnternet Media Birliyinin (TİMBİR) sədri, doktor Süleyman Basa, Türkiyə Jurnalistlər Federasiyasının sədri Yılmaz Karaca, Qazaxıstan Jurnalistlər Birliyinin təmsilçisi Bayan Ramazanova, İstanbul Jurnalistlər Federasiyasının təmsilçisi Adil Koçalan və Özbəkistan Jurnalistlər Birliyinin üzvü Holmurod Salimov da medalla təltif olunub və fəxri üzvlüyə qəbul ediliblər.
Xatırladaq ki, Aqil Ələsgər ötən ay Qazaxıstana səfəri çərçivəsində Türk dünyasında media və vətəndaş cəmiyyətinin inkişafına, eləcə də dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə görə Kəməl Tokayev adına “Kəməl Ata Kəməngər” ordeni ilə də təltif olunub.
