60 ildir dondurulmuş vəziyyətdə saxlanılan ilk insan: Ceyms Bedfordun hekayəsi
1967-ci ildə xərçəng xəstəliyindən 73 yaşında vəfat edən amerikalı psixologiya professoru Ceyms Bedford gələcəkdə tibb və texnologiyanın inkişafı sayəsində yenidən həyata qaytarılacağı ümidi ilə dondurularaq saxlanılan ilk insan olub.
AFN.az xəbər verir ki, bu prosedur şəxsin hüquqi ölümündən sonra bədəninin son dərəcə aşağı temperaturda qorunmasını nəzərdə tutan kriyonika adlı eksperimental üsulla həyata keçirilib. Bedfordun bədəni ilkin soyutma və kimyəvi emal proseslərindən sonra quru buzla dondurulub və mənfi 196 dərəcə temperaturda maye azotun içində saxlanılmağa başlanıb.
Aradan 24 il keçdikdən sonra, 1991-ci il mayın 25-də onun cəsədi başqa bir tanka köçürülərkən isinmənin qarşısını alan xüsusi şəraitdə xarici müayinə aparılıb. Mayk Darvin tərəfindən hazırlanmış hesabatda Bedfordun xarici görünüşünün yaşına nisbətən gənc təsir bağışladığı qeyd edilsə də, uzunmüddətli soyuq şəraitdə saxlanılması ilə bağlı dəyişikliklər qeydə alınıb. Dəridə rəng dəyişiklikləri, döş qəfəsi nahiyəsində çatlar, buynuz qişada buz təbəqəsi, burun və ağız ətrafında isə donmuş qan izləri aşkarlanıb. Müayinənin ən diqqətçəkən təfərrüatlarından biri onun sağ qolu ilə qarnı arasında yerləşən buz kütləsi olub. İlkin soyutma zamanı yaranmış buz parçalarının formasını qoruması bədənin fasiləsiz olaraq çox aşağı temperaturda saxlanıldığını göstərirdi.
Lakin yalnız xarici görünüşü əhatə edən bu müayinə beynin və daxili orqanların vəziyyəti barədə dəqiq mənzərə ortaya qoymayıb. Buna görə də müşahidə edilən əlamətlər Bedfordun gələcəkdə həyata qaytarılması ehtimalı ilə bağlı sualları cavabsız qoyub. Ailəsinin, xüsusilə oğlu Normanın hüquqi mübarizəsi və səyləri sayəsində qorunan Bedfordun bədəni 1987-ci ildən bəri ABŞ-nin Arizona ştatındakı Alcor müəssisəsində saxlanılmağa davam edir.
Hazırda toxumalarda buz kristallarının yaranmasının qarşısını alan vitrifikasiya (şüşələşdirmə) kimi daha inkişaf etmiş üsullardan istifadə edilsə də, Bedford köhnə metodla qorunub. Onilliklər keçməsinə baxmayaraq, kriyonika üsulu ilə dondurulan insanın uğurla həyata qaytarıla biləcəyini göstərən elmi cəhətdən təsdiqlənmiş texnologiya hələ mövcud deyil.


