BMT Sudanda mülki şəxsləri hədəf alan hava hücumlarını kəskin pisləyib



Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə ali komissarı Volker Türk Sudanda bu ay intensivləşən və mülki şəxsləri hədəf alan ölümcül hava hücumlarını kəskin pisləyib. 

AFN.az xəbər verir ki, o, yazılı açıqlama ilə çıxış edərək hücumların mülki əhali üçün dağıdıcı nəticələrindən narahatlığını ifadə edib.

Sudan boyunca bu ay artan pilotsuz uçuş aparatları (PUA) ilə hücumları və onların mülki əhali üçün ağır nəticələrini kəskin pisləyən Türk vəziyyətdən narahatlığını bildirib.

Türk BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının oktyabrın ilk üç həftəsində PUA hücumları nəticəsində azı 306 nəfərin öldüyünü, yüzlərlə insanın isə yaralandığını sənədləşdirdiyini bildirib.

Hücumların ordu və Çevik Dəstək Qüvvələri (HDK) tərəfindən həyata keçirildiyinin iddia olunduğunu qeyd edən Türk, zərbələrin evlər, bazarlar, xəstəxanalar, məcburi köçkünlərin yerləşdiyi məkanlar kimi mülki obyektləri, eləcə də elektrik stansiyaları və su mənbələri kimi infrastrukturu hədəf aldığını vurğulayıb.

Türk bildirib ki, bu il Sudandakı münaqişə ilə əlaqəli mülki ölümlərin əksəriyyətinə artıq PUA hücumları səbəb olub. O, bu vasitələrdən istifadənin artmasının son dərəcə narahatedici olduğunu və dəhşətli itkilərə yol açdığını qeyd edib.

Münaqişə tərəflərini beynəlxalq humanitar hüquq çərçivəsində üzərlərinə düşən açıq və məcburi öhdəliklərə əməl etməyə çağıran Türk çoxlu sayda mülki şəxsin öldürüldüyünü, insanların həyat üçün güvəndiyi həyati infrastrukturun və xidmətlərin məhv edildiyini bildirib. Onun sözlərinə görə, bu vəziyyət daha çox insanın evlərini tərk etməsinə və onsuz da ağır olan humanitar böhranın daha da dərinləşməsinə səbəb olur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu