BMT-dən İsrail və İrana təcili diplomatik danışıqlar çağırışı

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk İsrail və İran arasında davam edən hücumların dayandırılması və problemin həlli yolunun tapılması üçün təcili diplomatik danışıqlara başlanılması çağırışı edib.
BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 59-cu Sessiyası BMT-nin Cenevrə ofisində başlayıb.
Türk, İsveçrənin BMT Cenevrə Ofisi nəzdindəki Daimi Nümayəndəsi Səfir Jürg Lauberin sədrliyi ilə başlayan toplantının açılışında çıxış edib.
İsrail və İran arasında davam edən toqquşmaların gərginliyinin artmasını dərin narahatlıq doğuran hal kimi qiymətləndirən Türk, bu hücumları dayandırmaq və problemin həllinə aparan bir yol tapmaq üçün gərginliyin azaldılması və təcili diplomatik danışıqlar aparılması ilə bağlı çağırış edən hər kəsi dəstəklədiyini bildirib.
Türk hər iki tərəfi beynəlxalq hüquqa, xüsusilə də sıx əhalili bölgələrdə mülki vətəndaşların qorunmasına tam şəkildə əməl etməyə çağırıb.