Rusiya Abu-Dabi danışıqlarında Finlandiyanın NATO-dan çıxmasını tələb edib - İDDİA



Rusiyanın Ukraynadakı müharibəyə son qoyulması məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən qeyri-rəsmi danışıqlarda Finlandiyanın NATO-dan ayrılması, Baltikyanı ölkələrdə alyansın hərbi bazalarının yaradılmaması və Ukraynanın işğal altındakı bütün ərazilərini Moskvaya təhvil verməsi kimi genişmiqyaslı tələblər irəli sürdüyü iddia edilir. 

AFN.az xəbər verir ki, Almaniyanın “Bild” qəzetinin məlumatına görə, Rusiya nümayəndələrinin hazırladığı və Əbu-Dabidəki avropalı təmsilçilərə də təqdim edildiyi bildirilən qeyri-rəsmi təklif Ukraynadakı müharibənin başa çatdırılması ilə yanaşı, Avropada yeni təhlükəsizlik nizamının yaradılmasını nəzərdə tutur.

Xəbərdə Moskvanın Estoniya, Latviya və Litvadan öz ərazilərində NATO hərbi bazalarının yaradılmasını qadağan etmələrini, Finlandiyadan isə alyansa üzvlükdən çıxaraq əvvəlki statusuna qayıtmasını tələb etdiyi irəli sürülür. Rusiyanın Ukraynadan da daimi neytral statusunu qoruması, hərbi bloklardan kənarda qalması və NATO-ya qoşulmaması istənilir.

Bunun müqabilində Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük perspektivinin açıq saxlanılması təklif olunur.

Təklifdə Rusiyanın hazırda işğal altında saxladığı Ukrayna ərazilərini öz nəzarətində saxlamaqla yanaşı, Donbas regionunun tamamına nəzarəti ələ keçirməsi nəzərdə tutulur.

Bu çərçivədə Ukraynanın hazırda nəzarətində olan Donetsk və Luqansk vilayətlərinin ərazilərindən də imtina etməsi tələb olunur.

Rusiyanın planında Ukraynanın Qara dəniz sahilində yerləşən mühüm liman şəhərləri Odessa və Nikolayevin silahsızlaşdırılması, həmçinin həmin limanların hərbi-dəniz bazası kimi istifadəsinin qadağan edilməsi də yer alır.

Həmçinin Qara dənizdə və Baltik dənizində sərbəst dəniz nəqliyyatının təhlükəsizliyinin təmin olunması üçün ayrıca razılaşmaların əldə edilməsi təklif edilir.

“Bild” qəzetinin məlumatına görə, Rusiya tərəfi bu tələblərin əvəzində Belarusda yerləşdirdiyi nüvə silahlarını geri çəkməyi və həmin ölkədə orta mənzilli raketlər yerləşdirməməyi təklif edir.

Rusiya qoşunlarının Dnestryanı bölgədən çıxarılması da planın qarşılıqlı öhdəlikləri sırasındadır. Lakin bunun üçün Moldovanın hərbi bloklara qoşulmaması şərti irəli sürülür.

Qəzet Rusiyanın Kalininqrad vilayətindəki hərbi potensialı ilə bağlı oxşar güzəştin isə təklifdə nəzərdə tutulmadığını yazıb.

Moldovanın gələcəyinə dair müddəaları da əhatə edən planda ölkənin əsas əraziləri, separatçı Dnestryanı bölgə və Qaqauziyanı birləşdirən federal respublikanın yaradılması nəzərdə tutulur.

Moldovanın Aİ-yə üzv olması halında Dnestryanı bölgəyə və Qaqauziyaya müstəqillik referendumu keçirmək hüququnun verilməsi də təklifin müddəaları arasındadır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu