Bitkoinin qiyməti yenidən 70 min dollardan aşağı düşdü
Yaxın Şərqdə hərbi gərginliyin yenidən artması ilə bağlı geosiyasi risklər və güclənən satış təzyiqi bitkoinin qiymətinin yenidən 70 min dollar həddindən aşağı enməsinə səbəb olub.
AFN.az xəbər verir ki, son 24 saat ərzində kriptovalyuta bazarında ümumi dəyər azalıb, Bitcoin isə avqust ayından bəri ən aşağı səviyyəsinə geriləyib.
CoinMarketCap analitik şirkətinin məlumatlarına görə, bitkoin də daxil olmaqla, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda təxminən 4,73 faiz azalaraq 2 trilyon 320 milyard dollara düşüb.
Bazar dəyərinə görə ən böyük kriptovalyuta olan bitkoin son 24 saat ərzində təxminən 6 faiz ucuzlaşaraq avqust ayından bəri ən aşağı qiymət səviyyəsinə enib.
Bakı vaxtı ilə saat 11:30-a olan məlumata görə, bitkoin 69 min 191 dollardan ticarət olunub. Kriptovalyutanın son bir həftədəki dəyər itkisi isə 10 faizə yaxınlaşıb. Bitkoin 2025-ci ilin oktyabrında qeydə aldığı təxminən 126 min dollarlıq tarixi zirvəsindən 45 faizə yaxın aşağı səviyyədədir.
Bitkoinin ucuzlaşması altkoin bazarına da mənfi təsir göstərib. Bazar kapitallaşmasına görə ikinci yerdə olan Ethereumun qiyməti təxminən 5 faiz azalaraq 1 942 dollara düşüb.
Analitiklər bazardakı kəskin geriləmənin əsas səbəblərindən birinin törəmə maliyyə bazarlarında yüksək kredit çiyni ilə açılmış mövqelərin məcburi bağlanması olduğunu bildirirlər.
CoinGlass məlumatlarına görə, son 24 saat ərzində 1,3 milyard dollardan çox fyuçers mövqeyi ləğv edilib. Bunun təxminən 677 milyon dolları bitkoin əməliyyatlarının payına düşüb.
Digər tərəfdən, ABŞ-da spot bitkoin birja investisiya fondlarından (ETF) davam edən vəsait çıxışları da qiymətlər üzərindəki təzyiqi artırıb.
Qlobal bazarlardakı makroiqtisadi və geosiyasi hadisələr də investorların risk iştahını azaldıb.
Yaxın Şərqdə hərbi gərginliyin yenidən artması ilə bağlı xəbərlər satışları sürətləndirib. ABŞ-da inflyasiya göstəricilərinin gözləniləndən yüksək olması nəticəsində dövlət istiqrazlarının gəlirliliyinin artması da faiz gəliri gətirməyən aktivlərə təzyiq göstərib.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəsmilərinin sərt pul siyasətinə işarə edən açıqlamaları, eləcə də ölkədə keçirilən aralıq seçkilərdən sonra kriptovalyuta sektoruna nəzarətin sərtləşdirilə biləcəyi ilə bağlı gözləntilər bazarda qiymətlərin aşağı istiqamətli hərəkətini gücləndirib.


