Bitcoin 85 min dollar həddini keçdi: Kriptovalyuta bazarında güclü yüksəliş



Kriptovalyuta bazarında canlanma davam edərkən Bitcoin güclü birja investisiya fondu (ETF) axınları, makroiqtisadi proseslər və geosiyasi risklərin azalmasının təsiri ilə 2026-cı ilin yanvarından bəri ilk dəfə 85 min dollar həddini keçib.

AFN.az xəbər verir ki, CoinMarketCap analitik şirkətinin məlumatına görə, qlobal kriptovalyuta bazarının ümumi dəyəri son 24 saat ərzində 5,12 faiz artaraq 2 trilyon 890 milyard dollara çatıb.

Bu müddətdə 5 faizdən çox bahalaşan Bitcoin Bakı vaxtı ilə saat 16:25-də 85 min 156 dollardan ticarət olunub. Beləliklə, həftəlik qazancı 10 faizə çatan kriptovalyuta 29 yanvar 2026-cı ildən bəri ən yüksək səviyyəsini qeydə alıb.

Bazar dəyərinə görə ikinci sırada olan Ethereum isə təxminən 6 faiz bahalaşaraq 2 min 721 dollar səviyyəsinə yüksəlib.

Analitiklər yüksəlişdə texniki amillərlə yanaşı, qlobal geosiyasi risklərin azalmasının da mühüm rol oynadığını bildirirlər.

ABŞ administrasiyasının Körfəz bölgəsinə mümkün cavab hücumlarını hələlik dayandırdığına dair xəbərlər qlobal enerji bazarları ilə bağlı narahatlıqları azaldıb və kriptovalyutalar kimi riskli aktivlərə investor marağını artırıb.

Bəzi analitiklər qiymətlərdəki kəskin yüksəlişə spekulyativ investorların qısa mövqelərinin bağlanmasının da təsir etdiyini qeyd ediblər. Onların bildirdiyinə görə, qiymətlərin düşəcəyinə hesablanmış mövqelərdə olan investorların həmin mövqeləri bağlamağa məcbur qalması yüksəlişi sürətləndirib.

Kriptovalyuta bazarında institusional investorların yüksək marağı və spot Bitcoin ETF-lərinə yönələn pul axını qiymətlərin yüksəlişində əsas amillərdən biri olaraq qalır. Təkcə ötən həftənin cümə axşamı və cümə günlərində spot Bitcoin ETF-lərinə ümumilikdə 593 milyon dollar xalis kapital daxil olub.

Bundan başqa, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) real aktivləri təmsil edən blokçeyn əsaslı qiymətli kağızların ticarətinə müvəqqəti güzəşt tətbiq edəcəyini açıqlaması da bazardakı nikbinliyi dəstəkləyən digər amil olub.

Qeyd edək ki, Bitcoin 2025-ci ilin oktyabrında 126 min dolları keçərək bütün zamanların ən yüksək səviyyəsini görmüş, bundan sonra isə qiyməti 30 faizdən çox geriləmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu