Bitkoin maydan bəri ilk dəfə 80 min dollar həddini keçdi
Kriptovalyuta bazarlarında canlanma davam edərkən, ən böyük kriptovalyuta olan Bitkoinin qiyməti 2026-cı ilin mayından bəri ilk dəfə 80 min dollar həddini keçib.
Analiz şirkəti CoinMarketCap-ın məlumatlarına görə, Bitkoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının ümumi dəyəri son 24 saatda 3,44 faiz artaraq 2 trilyon 700 milyard dollara çatıb.
AFN.az xəbər verir ki, son 24 saatda 4 faizdən çox bahalaşan Bitkoin Bakı vaxtı ilə saat 09:20-də 80545 dollardan ticarət olunub. Beləliklə, Bitkoinin həftəlik dəyər artımı 26 faizə çatıb.
Bazar dəyərinə görə ikinci sırada yer alan Ethereum isə təxminən 1 faiz artaraq 2 min 503 dollar səviyyəsinə yüksəlib. Bitkoin noyabr 2024-cü ildən bəri ən böyük aylıq qazancına doğru irəliləyərək avqustda 28 faiz bahalaşıb.
Kriptovalyuta bazarındakı bu kəskin yüksəliş ötən həftə Bitkoinin üç gün ərzində 20 faizdən çox bahalaşması ilə başlayıb. Qiymətlərin sürətlə yüksəlməsi nəticəsində eniş istiqamətində (short) mövqedə olan 4 milyard dollardan çox fyuçers müqaviləsinin ləğv edilməsi yuxarı istiqamətli hərəkətin sürətlənməsində mühüm rol oynayıb.
İrəliləyişin arxasındakı əsas makroiqtisadi amil isə ABŞ Xəzinədarlıq naziri Skott Bessentin açıqlamaları olub.
Bessent ABŞ-ın uzunmüddətli dövlət istiqrazlarının geri alışlarını iki dəfə artıracağını açıqlayıb. Ekspertlər bildirirlər ki, bu addımla bazardakı müddət riskinin azaldılması və maliyyələşmədə qısamüddətli istiqrazlara üstünlük verilməsi hədəflənir.
Sözügedən addım istiqraz faizlərini qısa müddətə aşağı salarkən riskli aktivlərə olan tələbi yenidən canlandırıb. Bundan əlavə, qlobal inflyasiya və artan dövlət borcları ilə bağlı narahatlıqlar təklifi məhdud olan aktivlərə marağı artırıb.
Analitiklər bu vəziyyətin maliyyə təzyiqini, pulun dəyər itirməsini və alıcılıq qabiliyyətinin azalmasını sürətləndirdiyinə diqqət çəkərək, sözügedən mənzərənin təklifi məhdud olan maddi aktivlərə yönəlməni sürətləndirdiyini bildiriblər. Ekspertlər bu prosesdən yalnız qızılın deyil, klassik böhran valyutası və inflyasiyadan qorunma vasitəsi kimi Bitkoinin də faydalandığını qeyd ediblər.
Bazarda institusional investorların tələbi də yenidən güclənib. ABŞ-da ticarət edilən spot Bitkoin birja investisiya fondlarına (ETF) ötən həftə xalis 1,92 milyard dollar vəsait daxil olub. Bu rəqəm Bitkoinin əvvəlki dövrdə zirvəyə çatdığı oktyabr ayından bəri qeydə alınan ən böyük həftəlik fond axını olub.
Bununla yanaşı, dünyanın ən böyük institusional Bitkoin investorlarından biri olan MicroStrategy şirkətinin son iki həftə ərzində yeni alış həyata keçirməməsi diqqət çəkib.
Baş verən kəskin irəliləyişə baxmayaraq, bazarda ehtiyatlı mövqe də qorunur. Bitkoinin oktyabrdan bəri uzunmüddətli durğunluq dövründən keçdiyini xatırladan analitiklər, 2023-cü ilin yanvarında baş verən oxşar kəskin yüksəlişdən sonra qiymətlərin əvvəlcə gerilədiyini, daha sonra isə 200 günlük hərəkətli ortalamadan dəstək alaraq istiqamətini müəyyənləşdirdiyini xatırladıblar.
2008-ci il maliyyə böhranına cavab olaraq banklar, dövlətlər və ya vasitəçilər olmadan fəaliyyət göstərən müstəqil rəqəmsal pul sistemi məqsədi ilə yaradılan Bitkoin alqoritmik olaraq maksimum 21 milyon ədəd ilə məhdudlaşdırılıb. Hazırda 20 milyondan çox Bitkoinin dövriyyədə olduğu bazarda mərkəzi bankların məhdudiyyətsiz pul buraxmaq imkanına qarşı Bitkoin təklifinin sabit olması investorlar tərəfindən mövcud maliyyə sistemindəki böhranlara qarşı təminat vasitəsi kimi qəbul edilməyə davam edir.



