ABŞ Binance-dən oğurlanan 1,2 milyard dollardan çox kriptovalyutaya həbs qoyub
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Binance kriptovalyuta birjasından oğurlandığı bildirilən 1,2 milyard dollardan artıq vəsaitə həbs qoyulduğunu açıqlayıb.
AFN.az xəbər verir ki, FTB-nin cümə axşamı yaydığı məlumata görə, sözügedən kriptovalyuta ötən ay dünyanın ən böyük kriptovalyuta birjası Binance-dən oğurlanıb.
Binance-dən təxminən 6,3 milyard dollar dəyərində kriptovalyutanın oğurlanması tarixdə ən böyük kriptovalyuta soyğunçuluğu hesab olunur. FTB daha əvvəl bu hadisənin Şimali Koreyanın TraderTraitor adlı haker qrupu tərəfindən törədildiyini bildirmişdi. ABŞ hökuməti və özəl sektor indiyədək oğurlanmış vəsaitlərin 2,7 milyard dollardan çoxunu birgə dondurub. ABŞ Ədliyyə Nazirliyi isə cümə axşamı bu məbləğin 1,2 milyard dollardan çox hissəsinə həbs qoyulması və ya həmin vəsaitlərə çıxışın məhdudlaşdırılması üçün məhkəmə icazəsi aldığını açıqlayıb.
Belə hallarda ABŞ hökuməti, adətən, məhkəməyə müraciət edərək vəsaitlərin müsadirəsini tələb edir. Hakim isə geri qaytarılmış vəsaitlər üzərində kimin qanuni hüquqa malik olduğunu müəyyənləşdirir.
FTB cümə axşamı Şimali Koreyanı ayrıca bir sosial mühəndislik dələduzluğuna görə də məsul tutub. Rəsmilərin bildirdiyinə görə, son 18 ay ərzində bu üsulla 400 milyon dollar dəyərində kriptovalyuta oğurlanıb. FaceStealer adı ilə tanınan bu metod populyar mesajlaşma tətbiqlərinin ələ keçirilməsini və deepfake videolarının hazırlanmasını birləşdirən mürəkkəb əməliyyatlar zəncirini əhatə edir.
ABŞ rəsmiləri Şimali Koreyanı qanunsuz silah proqramı da daxil olmaqla, rejimin maliyyələşdirilməsi məqsədilə dəfələrlə kiber dələduzluq üsullarından istifadə etməkdə ittiham ediblər.



