Lula da Silva: Planet hegemonluq mübarizələrinin girovuna çevrilməməlidir



Braziliya Prezidenti Luis İnasiu Lula da Silva Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransında (COP31) planetin hegemonluq mübarizələrinin ümidinə buraxıla bilməyəcəyini bildirib. 

AFN.az xəbər verir ki, Lula da Silva bu fikirləri Antalyada keçirilən COP31 çərçivəsində təşkil olunan Liderlər Sammitinin Meşələr tədbirində çıxışı zamanı səsləndirib.

Braziliya mətbuatının məlumatına görə, Lula da Silva G7 və G20 toplantılarında iqlim böhranı ilə bağlı narahatlıqların yerini sükuta verdiyini vurğulayıb. O bildirib ki, gələcək nəsillərin sağ qalmasından daha çox silahlar və gömrük tarifləri haqqında danışmağa başlamışıq.

Lula da Silva Antalyada keçirilən COP31-də iqlim böhranına qarşı daha təsirli addımlar atmağa çağırıb, meşələrin qırılması ilə mübarizənin və enerji keçidinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

2025-ci il noyabrın 10-21-də Braziliyanın Belem şəhərində keçirilən COP30 sammitini xatırladan Lula da Silva Belem sammitindən miras qalan üç yol xəritəsinin qətiyyətlə həyata keçirilməsinin, Sonsuz Yağış Meşələri Fondunun (TFFH) ən qısa zamanda fəaliyyətə başlamasının, emissiyaların azaldılmasının sürətləndirilməsinin və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, meşələrin qorunması qlobal gündəliyin prioritetinə çevrilməlidir.

Razılaşmanın əhəmiyyətinə diqqət çəkən Lula da Silva bildirib ki, planet hegemonluq mübarizələrinin girovuna çevrilə bilməz. Onun sözlərinə görə, quraqlıqlar, daşqınlar, meşə yanğınları və dəniz suyunun temperaturunun artması milyonlarla insanın həyatının bir hissəsinə çevrilib. Ailələr həyatlarını, evlərini, işlərini və dolanışıq mənbələrini itirirlər. İqlim fəlakətlərinin səbəb olduğu miqrasiyaya silahlı münaqişələr və iqtisadi səbəblərdən qaynaqlanan köçlər də əlavə olunur. Qütbləşmənin hökm sürdüyü indiki dövrdə diplomatiya qapıların bağlandığı yerlərdə yeni imkanlar açmağı bacarmalıdır.

Səsinin batması səbəbindən çıxışının bir hissəsini ətraf mühit naziri Joao Paulo Kapobiankoya həvalə edən Lula da Silva ondan öz əvəzinə çıxışını oxumasını xahiş edib. O, səsi yerində olsaydı, edəcəyi çıxışı nazirin səsləndirəcəyini bildirib və planetin ətraf mühitini qorumaq üçün görülən işləri mümkün qədər qətiyyətlə çatdırmasını istəyib. Lula da Silva zarafatla nazirin səsinin onun səsi kimi batmasına ehtiyac olmadığını, lakin planetin qorunması istiqamətində görülən bütün işləri danışmasını xahiş edib.

Bu arada Lula da Silva X platformasındakı paylaşımında Braziliyanın ətraf mühit gündəliyi sahəsində dünya miqyasında qazandığı liderlik və nüfuzun cəsarət, qətiyyət və birgə fəaliyyətin nəticəsi olduğunu bildirib. O, bu istiqamətdə vətəndaş cəmiyyəti ilə birlikdə irəlilədiklərini vurğulayıb.

COP31 çərçivəsində keçirdiyi görüşlərə toxunan Lula da Silva sosial hərəkatların və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüş zamanı Braziliyanın sammitə başıuca, konkret təkliflərlə, meşələrin qırılmasına sıfır tolerantlıq öhdəliyi və iqlim böhranı ilə mübarizəyə rəhbərlik etmək əzmi ilə gəlməsindən duyduğu qüruru bir daha ifadə etdiyini bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu