Dünyada daşqınlar nəticəsində ölənlərin sayı son 13 ilin ən yüksək həddinə çatıb
Beynəlxalq yardım təşkilatı Oxfam-ın məlumatına görə, bu il dünyada daşqınlar səbəbindən azı 8 min nəfər həyatını itirib və bu, 2013-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
AFN.az xəbər verir ki, təşkilat iqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava hadisələrinin getdikcə daha ağır nəticələrə yol açdığını, iqlim böhranına ən az töhfə verən cəmiyyətlərin isə onun nəticələrindən ən çox zərər çəkdiyini bildirib.
Oxfam-ın yazılı açıqlamasında qeyd olunub ki, təşkilatın təhlilinə əsasən, bu il daşqınlar nəticəsində azı 8 min nəfər ölüb və bu səbəbdən qeydə alınan ölüm halları 2013-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Açıqlamada bildirilir ki, ölümlərin təxminən dörddə üçü qəfil daşqınlar nəticəsində rekord sayda insan tələfatının qeydə alındığı Nepalda baş verib. Bərabərsizliyin daha yüksək olduğu ölkələrdə daşqınlar səbəbindən ölüm hallarının 7 dəfə çox olduğu da vurğulanıb.
Oxfam Böyük Britaniya hökumətini iqlim böhranına səbəb olan tərəflərin maliyyə məsuliyyəti daşıması üçün addımlar atmağa çağırıb. Təşkilat mövcud Enerji Mənfəəti Vergisinin müddəti başa çatdıqdan sonra neft və təbii qaz şirkətlərinə daimi və yüksək dərəcəli əlavə mənfəət vergisinin tətbiq edilməsini, sərvət vergilərinin tətbiqini, həmçinin şəxsi təyyarələr kimi yüksək karbon emissiyasına səbəb olan dəbdəbəli nəqliyyat vasitələrinin daha çox vergiyə cəlb olunmasını tələb edib.
Açıqlamada Böyük Britaniyanın beynəlxalq iqlim maliyyələşdirilməsi üzrə öhdəliklərini artırmalı olduğu bildirilib. Ölkələrin borc yükünü ağırlaşdıran kreditlər əvəzinə qrant əsaslı maliyyələşdirməyə üstünlük verilməsi və iqlim maliyyəsinin 50 faizinin iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinə ayrılması çağırışı da edilib.
Oxfam, həmçinin bərabərsizliyin azaldılmasını hədəfləyən ədalətli yaşıl keçidin dəstəklənməsini, iqlim fəlakətləri zamanı təcili müdaxilə, yenidənqurma və ərzaq sistemləri sahələrində şirkətlərin böhrandan qazanc əldə etməsinin qarşısının alınmasını istəyib.
Oxfam-ın açıqlamasında 2026-cı ilin yanvar-sentyabr aylarında 106 ölkədə aylıq temperatur rekordlarının qeydə alındığı bildirilib. Qeyd olunub ki, dünyanın ən varlı 1 faizinin bir nümayəndəsinin karbon emissiyalarının ekstremal isti hava dalğalarına təsiri orta statistik insanla müqayisədə 34 dəfə, ən yoxsul 50 faizlik təbəqəyə daxil olan bir şəxslə müqayisədə isə 100 dəfə çoxdur.
Oxfam-ın Təsir Yaratma üzrə direktoru Jan Maklin iqlim böhranına ən az töhfə verən cəmiyyətlərin onun ən ağır nəticələrinə məruz qaldığını, böhrana səbəb olanların isə özlərini qorumaq üçün ən geniş imkanlara malik olduğunu vurğulayıb.
Maklin bildirib ki, böhrana görə ən böyük məsuliyyət daşıyan varlı şəxslər, şirkətlər və ölkələr uyğunlaşma və bərpa işlərinin əsas maliyyə yükünü öz üzərinə götürməlidir. Onun sözlərinə görə, bu məsuliyyətə iqlim böhranına ən az töhfə verən, lakin onun təsirlərinə ən çox məruz qalanlara ayrılacaq iqlim maliyyəsi də daxildir.
Maklin supervarlıların böhrandan iki istiqamətdə qazanc əldə etdiyinə diqqət çəkib. O bildirib ki, bu təbəqə bir tərəfdən ətraf mühiti çirkləndirən sektorlara investisiya yatırmaqda davam edir, digər tərəfdən isə iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmağa yönəlmiş inkişaf edən sektora sərmayə qoyaraq gəlir əldə edir.
Maklin əlavə edib ki, bərpa və yenidənqurma xidmətləri də qlobal istiləşmənin təsirləri ilə mübarizə aparan dünyaya yenidən satılır.


