Malavidə "Freddi" qasırğası nəticəsində azı 216 nəfər ölüb


Malavidə baş verən “Freddi” qasırğası nəticəsində azı 216 nəfər ölüb.


Malavi prezidenti Lazarus Çakvera təbii fəlakət bölgəsinə səfəri zamanı ölkədə martın 11-dən başlayan qasırğanın səbəb olduğu insan insan tələfatı ilə bağlı məlumatları paylaşıb. Prezident "Freddi" qasırğası nəticəsində ən azı 216 nəfərin həyatını itirdiyini, 707 nəfərin yaralandığını, 41 nəfərin isə itkin düşdüyünü bildirib.

Ölkənin cənubunda 70 mindən çox insanın miqrasiya etməli olduğunu bildirən Çakvera beynəlxalq ictimaiyyəti təcili yardıma çağırıb. "Biz fəlakətdən zərər çəkmiş ərazilər üçün yardım fondları və resurslar ayırmışıq, lakin bunlar kifayət deyil, bizim daha çox köməyə ehtiyacımız var", - deyə ölkə prezidenti Çakvera bildirib.

Güclü külək və yağışın yaratdığı daşqınlar nəticəsində bir çox evlər dağılıb, bəzi ərazilərə isə sel və daşqınlar səbəbindən daxil olmaq mümkün deyil.

Dünya Meteorologiya Təşkilatı ilk dəfə keçən ay başlayan, 21 fevralda Madaqaskarda, 3 gün sonra isə Mozambikdə qeydə alınan "Freddi"nin tarixin ən uzun sürən qasırğası ola biləcəyini açıqlayıb.

Qasırğa səbəbindən Madaqaskarda təxminən 226 min, Mozambikdə isə 163 min adam zərər görüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu