Böyük Britaniyanın Ukraynaya yardımı 45 milyard dolları ötüb


Böyük Britaniyanın Ukraynaya göstərməyi öhdəsinə götürdüyü hərbi və iqtisadi yardımın ümumi həcmi 35 milyard funt sterlinqə (46,7 milyard dollar) çatıb.

AFN.az xəbər verir ki, TASS agentliyinin hesablamalarına əsasən, bu məbləğin 16 milyard funt sterlinqi birbaşa hərbi yardımın payına düşür. Buraya Avropada dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirlər hesabına maliyyələşdirilən "Extraordinary Revenue Acceleration" proqramı çərçivəsində ayrılmış 2,26 milyard funt da daxildir.

Bundan başqa, London Kiyevə 12,6 milyard funt sterlinq həcmində qeyri-hərbi dəstək vəd edib. Bu məbləğə, ilk növbədə, Dünya Bankı xətti ilə təqdim olunan kredit zəmanətləri daxildir. Böyük Britaniya, həmçinin "UK Export Finance" (UKEF) ixrac kredit agentliyi vasitəsilə Ukraynanın bərpa və müdafiə layihələrinə 6,5 milyard funt ayırmağı öhdəsinə götürüb.

TASS-ın hesablamalarına görə, yardımın ümumi həcmi Böyük Britaniyanın maliyyə naziri Con Hili parlamentin İcmalar Palatasında büdcə ilə bağlı çıxış etdikdən sonra 35 milyard funt sterlinqə yüksəlib. O, çərşənbə günü çıxışı zamanı Ukraynaya əlavə 10 milyard funt ayrılacağını açıqlayıb. Bu vəsaitin 500 milyon funt sterlinqi yaxın aylarda Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə yönəldiləcək.

Yeni yardım paketində 7 milyard funt sterlinq iqtisadi dəstək tədbirlərinə ayrılıb. Bunun 5,5 milyard funt sterlinqi Dünya Bankının kredit zəmanətlərinə aiddir. Bu zəmanətlərin üç il ərzində Ukraynaya təqdim olunması nəzərdə tutulur. Paketdəki qalan 3 milyard funt sterlinq isə UKEF vasitəsilə hərbi ehtiyaclara yönəldiləcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu