Lana Nuseyba sülh naminə siyasi risklərə getməyə hazır olduğunu bildirib
BMT-nin baş katibi vəzifəsinə namizəd, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyində dövlət naziri Lana Zəki Nuseyba Ukrayna münaqişəsinin həlli üçün vasitəçilik təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Nuseyba bu barədə BMT-nin mənzil-qərargahında keçirilən interaktiv dialoq zamanı danışıb.
O, münaqişənin dayandırılmasına və BMT baş katibinin, eləcə də prosesdə iştirak edən bütün tərəflərin dəstəyi ilə siyasi vasitəçilik mərhələsinə keçilməsinə ümid etdiyini deyib.
Nuseyba baş katib seçiləcəyi təqdirdə, Ukrayna məsələsi ilə bağlı bütün vasitəçilik səylərini dəstəkləyəcəyini vurğulayıb. O, sülhə nail olmaq üçün siyasi risklər götürməyə hazır olduğunu da bildirib.
BMT baş katibi postuna Nuseyba ilə yanaşı, daha altı namizəd iddialıdır. Onların arasında Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi (Argentina), BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebekka Qrinspan (Kosta-Rika), Ekvadorun keçmiş xarici işlər və müdafiə naziri Mariya Fernanda Espinosa Qarses, Qayananın BMT-dəki daimi nümayəndəsi Kerolin Rodriges-Birkett, Ekvadorun ABŞ və Fransadakı keçmiş səfiri İvonn Baki və Uqandanın BMT-dəki keçmiş daimi nümayəndəsi Olara Otunnu var.
