Süni intellekt elmi tədqiqatların etibarlılığına təhlükə yarada bilər



Elmi tədqiqatlarda süni intellektdən istifadə sürətlə artdıqca, elm dünyasında məlumatların dəqiqliyi və tədqiqat etikası ilə bağlı müzakirələr kəskinləşib. 

AFN.az xəbər verir ki, ekspertlər süni intellekt tərəfindən yaradılan saxta məlumatların və xəyali məqalələrin elmi prosesi sarsıda biləcəyi barədə xəbərdarlıq edirlər.

Ötən ay OpenAI riyaziyyatın həll olunmamış ən böyük problemlərindən biri olan Navye-Stoks tənliklərinin süni intellekt tərəfindən 88 saata həll edildiyini açıqlayıb.

Lakin bu açıqlamadan qısa müddət əvvəl riyaziyyatçı Tristan Bakmaster rəqib şirkət Anthropic-dən Levent Alpöge ilə apardıqları müstəqil tədqiqatın OpenAI sisteminin işinə təsir göstərmiş ola biləcəyindən narahatlığını ifadə edib.

İkili öz ilkin tədqiqat mətnlərini OpenAI-ın Codex kodlaşdırma alətində saxlayırdı. OpenAI isə irəli sürülən iddiaları təkzib edib. Bu mübahisə süni intellektin tədqiqatların orijinallığına təsirini yenidən gündəmə gətirib.

Elmi jurnallar süni intellekt mənşəli saxta məqalələrin axınının öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Gent Universitetinin professoru Dmitri Kobakın araşdırması göstərib ki, nəzərdən keçirilən bir milyondan çox biotibbi məqalənin təxminən 90 faizində süni intellekt izlərinə rast gəlinib.

Stenford Universitetinin araşdırması rəy qiymətləndirmələrinin 17 faizinin süni intellektlə yazıldığını üzə çıxarıb. Kornell Universitetinin tədqiqatçıları isə ötən il 147 min saxta mənbəyə istinad edildiyini müəyyən ediblər.

Ekspertlər bu cür məlumat çirklənməsinin tədqiqatçıları yanlış istiqamətə yönəltməsindən və dövlət vəsaitlərinin israf olunmasından narahatdırlar.

Google DeepMind şirkətinin zülalların qatlanması problemini həll edən AlphaFold modeli elmdə mühüm dönüş nöqtəsi hesab olunur. Lakin şirkətin yeni kristal strukturları ilə bağlı son proqnozları insan alimləri tərəfindən kifayət qədər araşdırılmadığı üçün tənqid edilib.

Etimad böhranının dərinləşməsi fonunda Elsevier və Nature kimi aparıcı elmi nəşriyyatlar nəzarət tədbirlərini sərtləşdiriblər. Nəşriyyatlar süni intellektin yalnız köməkçi vasitə kimi istifadə edilməli olduğunu və tədqiqatlara görə məsuliyyətin tamamilə insanların üzərində qalmalı olduğunu vurğulayırlar.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu