Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatı ola biləcəyini deyib
ABŞ Prezidenti Donald Tramp Venesuela ilə münasibətlərinin əla olduğunu və bu ölkədən böyük həcmdə neft aldıqlarını bildirərək, gələcəkdə Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilə biləcəyini iddia edib.
AFN.az xəbər verir ki, Tramp bu fikirləri noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində Texasda təşkil etdiyi seçki mitinqində səsləndirib.
Tramp xarici siyasət gündəmini dəyərləndirərkən Venesuela ilə münasibətlərin yaxşı olduğunu, ABŞ-nin bu ölkədən xeyli miqdarda neft aldığını və bəzi Amerika neft şirkətlərinin Venesuelaya ciddi investisiyalar yatırdığını bildirib.
Venesuelanın yaxın zamanda rifah içində yaşayan ölkəyə çevriləcəyini düşündüyünü deyən Tramp, bəlkə də yaxın gələcəkdə bu ölkənin ABŞ-nin 51-ci ştatı ola biləcəyini söyləyib. O, bunun mümkün olduğunu bildirərək, Venesuelanı 51-ci ştata çevirməyi və dövlət başçısı əvəzinə qubernator seçməyi təklif edib.
Tramp İranla müharibəni ABŞ-nin deyil, 1978-ci ildə İranın başladığını iddia edib. O, İran hakimiyyətlərinin çoxsaylı amerikalı hərbçinin ölümünə görə məsuliyyət daşıdığını da bildirib.
İranın nüvə silahına sahib olmaması müqabilində neft və yanacaq qiymətlərinin yüksək olmasını kifayət qədər kiçik bədəl kimi qiymətləndirən ABŞ Prezidenti müharibənin tezliklə başa çatacağını deyib. O, İranın artıq ordusunun, donanmasının və ya başqa hərbi qüvvələrinin qalmadığını iddia edib.
Tramp ölkədə yanacaq qiymətlərinin tezliklə sürətlə aşağı düşəcəyinə söz verib və İran siyasətinin Konqres seçkilərinə mənfi təsir göstərəcəyini düşünmədiyini bildirib.
ABŞ Prezidenti İrana yenidən hücum edib-etməyəcəyi barədə sualı cavablandırarkən, bunu qətiyyətlə edəcəyini və həmin addımın gördüyü ən yaxşı işlərdən biri olduğunu söyləyib.
