OpenAI modelləri üç elmi nəticə əldə edib
ABŞ-nin süni intellekt şirkəti OpenAI modellərinin riyaziyyat, kompüter elmləri və kvant fizikası sahələrində üç mühüm elmi nəticəyə nail olduğunu açıqlayıb.
AFN.az xəbər verir ki, şirkət əldə olunan nəticələrin yoxlanılması və onların elmi dünyaya təsirinin qiymətləndirilməsi üçün mütəxəssis tədqiqatçılarla əməkdaşlığa başlayıb.
Şirkətin açıqlamasına görə, süni intellekt modelləri riyaziyyatın harmonik analiz sahəsində lokal yumşalma fərziyyəsini bütün ölçülər üçün sübut edib.
Bundan əlavə, modellər kompüter elmlərində uzun müddət doğru hesab edilən Eksponensial Zaman Hipotezini (ETH) təkzib edib və kvant xromodinamikası (QCD) da daxil olmaqla, bəzi kvant sahə nəzəriyyələrinin riyazi mövcudluğunu sübut etməyə yönəlmiş nəticələr əldə edib.
OpenAI bildirib ki, nəticələrin elmi baxımdan daha yaxşı anlaşılması üçün üç fərqli yanaşmadan istifadə etməyi planlaşdırır. Bu çərçivədə tədqiqatçılara süni intellekt tərəfindən yaradılan nəticələri araşdırmaq və onları müstəqil şəkildə yoxlamaq imkanı veriləcək.
Şirkət tədqiqat nəticələrinə dair ilkin məlumatların müstəqil araşdırma üçün açıq olacağını və əldə olunan nəticələrin kompüter elmlərinə təsirinin müzakirə ediləcəyi konfransın maliyyələşdiriləcəyini də açıqlayıb.
Süni intellektin əldə etdiyi nəticələr Lean adlı formal yoxlama metodundan istifadə edilməklə təsdiqlənib.
