Hindistan BMT TŞ-nin bütün daimi üzvlərinə veto hüququ verilməsini istəyir
Hindistan BMT Təhlükəsizlik Şurasında islahatlar aparılaraq qurumun tərkibi genişləndiriləcəyi təqdirdə, bütün daimi üzvlərə veto hüququ verilməsini tələb edir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Hindistanın BMT-dəki daimi nümayəndəsi Parvataneni Hariş bildirib.
Diplomatın sözlərinə görə, ədalət bütün daimi üzvlərin bərabər hüquqlara və bərabər öhdəliklərə malik olmasını tələb edir. Onun fikrincə, veto hüququndan istifadə edib-etməməsindən asılı olmayaraq, yeni daimi üzvlük kateqoriyasının yaradılması onsuz da mürəkkəb olan müzakirələri daha da çətinləşdirə bilər.
Hariş qeyd edib ki, Hindistan indiyədək veto hüququnun BMT Təhlükəsizlik Şurasının hazırkı beş daimi üzvünə məxsus olması mövqeyini qoruyub. O vurğulayıb ki, bu hüquq, xüsusilə beynəlxalq sülh və təhlükəsizliyin qorunması məsələlərində, böyük məsuliyyətlə tətbiq edilməli və dar siyasi maraqların alətinə çevrilməməlidir.
Diplomatın sözlərinə görə, veto hüququnun məhdudlaşdırılması məsələsini üzvlük kateqoriyalarından, regional təmsilçilikdən, üzvlərin sayından və iş metodlarından ayrı nəzərdən keçirmək mümkün deyil. Hindistan Təhlükəsizlik Şurasında islahatların bu beş istiqamət üzrə eyni vaxtda və kompleks şəkildə aparılmasına çağırır.



