İran: Tehran görüşməsi regional təhlükəsizlik üçün başlanğıc ola bilər



İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyədən Məkkə Birgə Müdafiə Sazişinin iştirakçısı olan yüksək vəzifəli şəxslərin Tehrana səfəri ilə bağlı açıqlama verib. 

AFN.az xəbər verir ki, Bəqayi Tehran görüşünün regiondaxili təhlükəsizliyin formalaşması üçün başlanğıc ola biləcəyini bildirib.

Bəqayi paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, region ölkələrinin öz təhlükəsizliklərini və sülhü təmin etmək üçün regional təhlükəsizlik mexanizmləri yaratmağa çalışdıqlarını deyib. Məkkə Birgə Müdafiə Sazişinin iştirakçısı olan ölkələrin yüksək vəzifəli nümayəndələrinin Tehrana səfərinə toxunan Bəqayi Tehran görüşünün regiondaxili təhlükəsizliyin formalaşması üçün başlanğıc ola biləcəyini qeyd edib.

Bəqayi Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyədən olan yüksək vəzifəli şəxslərin İran rəsmiləri ilə görüşündə İsrailin siyasətini, eləcə də Livan və Fələstindəki vəziyyətin müzakirə olunacağını bildirib.

Pakistanın bəzi təhlükəsizlik narahatlıqları səbəbindən İranla sərhəd-keçid məntəqəsini bağlamasına münasibət bildirən Bəqayi pakistanlı rəsmilərin sərhəddə texniki problemlərin yarandığını onlara çatdırdıqlarını deyib.

İranın da Pakistan sərhədində bəzi terror aktlarının törədilə biləcəyi barədə məlumatlar aldığını bildirən Bəqayi məsələ ilə bağlı pakistanlı rəsmilərlə danışıqların davam etdiyini və sərhəddəki problemlərin qısa müddətdə həll olunacağına ümid etdiklərini qeyd edib.

Bəqayi İraqın Çəzzabə (Şeyb) sərhəd-keçid məntəqəsini bağlaması ilə bağlı da İraq rəsmiləri ilə məsləhətləşmələrin davam etdiyini bildirib.

Özbəkistanın İranın bəzi səfirliklərinin Səmərqənddəki Registan meydanını fars irsi kimi təqdim edən paylaşımlarına etirazını şərh edən Bəqayi iki ölkənin ortaq irsinin münasibətlərin inkişafı üçün mühüm zəmin yaratdığını vurğulayıb.

Ukraynanın İraq Kürdüstan Regional Administrasiyasına (İKRA) pilotsuz uçuş aparatları (PUA) bölmələri və minlərlə PUA yerləşdirdiyi barədə iddialara da münasibət bildirən Bəqayi müvafiq qurumların sərhədlərdəki vəziyyəti diqqətlə izlədiyini deyib. O bildirib ki, İran Silahlı Qüvvələri təhdid hesab etdiyi bir vəziyyətlə qarşılaşarsa, müdaxilə edəcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu