İran: Omanla danışıqlar Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidinə yönəlib



İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ ilə danışıqlar aparılmadığını, Omanla keçirilən görüşlərin isə Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinə yönəldiyini bildirib. 

AFN.az xəbər verir ki, o, bu barədə Tehranda keçirdiyi həftəlik mətbuat konfransında danışıb.

Bəqayi bildirib ki, Omanla aparılan danışıqların məqsədi Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün yeni və müvəqqəti marşrutun müəyyənləşdirilməsidir.

O deyib: "ABŞ ilə danışıqlar aparmırıq. Omanla görüşlər Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidinə yönəlib. ABŞ-ın dəniz blokadası və hücumları davam etdiyi müddətdə Hörmüz boğazının mövcud vəziyyətində heç bir dəyişiklik olmayacaq."

İran rəsmisinin sözlərinə görə, hazırda vasitəçi ölkə Pakistandır, Qətər isə vasitəçilik səylərinə dəstək verir. O əlavə edib ki, Çin bölgədə qarşıdurma və təhlükəsizliyin pisləşməsindən narahatdır və vəziyyətin daha da gərginləşməməsi üçün çalışır.

Bəqayi vurğulayıb ki, İrana qarşı "təcavüzkar yanaşmanın" qarşısı yalnız güc və çəkindiricilik yolu ilə alına bilər. Onun fikrincə, ABŞ təkcə İranın deyil, regionun digər ölkələrinin də təhlükəsizliyini təhdid edir.

O bildirib ki, ABŞ-ın bölgədəki hərbi bazalarından istifadə etməsi sabitliyi pozur. Donald Trampın İrana yönəlmiş sərt bəyanatlarına münasibət bildirən Bəqayi isə deyib: "Biz iranlı olaraq qalaq. Öz əxlaqımız var. Başqalarının kobud ifadələrini özümüzə nümunə götürəcəyimizi düşünmürəm."

Bəqayi həmçinin Ukraynanın Xəzər dənizində İrana məxsus gəmiyə hücumu barədə də danışıb. O bildirib ki, Ukrayna rəsmiləri hadisənin qəsdən baş vermədiyini desələr də, Prezident Volodimir Zelenskinin açıqlamaları bununla ziddiyyət təşkil edir.

İran rəsmisi əlavə edib: "Ukraynanın bu hadisənin qəsdən törədilmədiyi barədə iddialarını təsdiqləyəcək addım atıb-atmayacağını gözləyirik. Belə halların təkrarlanmaması üçün zəruri tədbirlər görəcəyik."




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu