İran: Pakistanın vasitəçiliyi ilə danışıqlar davam edir



İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehran ilə Vaşinqton arasındakı danışıqlara toxunaraq, media vasitəsilə müzakirə aparmayacaqlarını bildirib və "Pakistanın vasitəçiliyi ilə danışıqlar davam edir" deyib.

AFN.az xəbər verir ki, Bəqayi paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında gündəmdəki məsələlərlə bağlı bəyanatlarla çıxış edib.

Media üzərindən müzakirə yürütməyəcəklərini qeyd edən sözçü bildirib ki, qarşı tərəfdən daxil olan təklif nəzərdən keçirilib və cavab olaraq İranın mövqeyi də ABŞ tərəfinə təqdim olunub. O, hazırda nüvə məsələlərinə dair təfərrüatları müzakirə etmədiklərini, bu mərhələdə bütün diqqətin müharibənin dayandırılmasına yönəldiyini vurğulayıb.

ABŞ və İsrailin bölgədəki varlığının təhlükəsizliyi təmin etmədiyini deyən Bəqayi İsrail rəsmilərinin BƏƏ-yə səfərinin onlar üçün gizli olmadığını və bu barədə məlumatlı olduqlarını bildirərək, regionun heç bir ölkəsi ilə düşmənçiliklərinin olmadığını, lakin başda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olmaqla region dövlətlərinin son hadisələrdən dərs çıxarmalı olduğunu diqqətə çatdırıb.

Hörmüz boğazından keçid haqqının alınması barədə danışan rəsmi nümayəndə bu məsələdə müvafiq mexanizm yaratmaq üçün Omanla təmasda olduqlarını, ötən həftə texniki nümayəndə heyətlərinin də görüş keçirdiyini söyləyib.

O, Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkəti üçün böyük səy göstərdiklərini, boğazdan keçid haqqı alınmasının hüquqi və məntiqi əsaslarının olduğunu, bu mövzunu sadəcə iqtisadi müstəviyə gətirməyin məsələni bəsitləşdirmək və əsas hədəfdən uzaqlaşmaq mənasına gəldiyini vurğulayıb.

Ölkəsinin uran zənginləşdirmə hüququnun Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) ilə tanındığını bildirən Bəqayi bu hüququn hələ də qüvvədə olduğunu qeyd edib.

Dənizlərdəki qeyri-sabitliyin ABŞ-ın yürütdüyü siyasətdən qaynaqlandığına işarə edən sözçü Rusiya və Çinin də dəniz ticarətinə yönələn təhdidlərin arxasında ABŞ-ın dayandığını bildiyini, dəniz ticarətinin azadlığı mövzusunda Çinlə həmfikir olduqlarını və quldurluqla dəniz ticarətində problem yaradan tərəfin məhz ABŞ olduğunu iddia edib.

Bəqayi ölkəsinin iqtisadi təzyiq və təhdidlərlə öz maraqlarından imtina etməyəcəyini, ABŞ-ın da bunu anladığını və mümkün bir hücuma necə cavab verəcəklərini çox yaxşı bildiklərini bəyan edib.

Hörmüz boğazında Cənubi Koreya bayrağı altında üzən gəminin hədəf alınması ilə bağlı isə Bəqayi bu istiqamətdə araşdırmaların davam etdirildiyini dilə gətirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu