İran: ABŞ ilə müvəqqəti razılaşmaya dair iddiaların əsası yoxdur
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ ilə aparılan müzakirələrə dair ortaya atılan "müvəqqəti razılaşma" iddiaları ilə bağlı "Bu növ şərhləri təsdiqləmirik. ABŞ ilə müvəqqəti razılaşmaya dair iddiaların əsası yoxdur", - deyib.
Bəqayi paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında gündəmə dair qiymətləndirmələr aparıb. ABŞ ilə aparılan müzakirələrin məzmununa dair çox sayda iddianın ortaya atıldığını söyləyən Bəqayi "Bu növ şərhləri təsdiqləmirik. Müvəqqəti razılaşmaya dair iddiaların əsası yoxdur", - ifadələrini işlədib.
Bəqayi müzakirə mətninin hazırlanmasının ortaq bir proses olduğunu vurğulayaraq, İranın ABŞ sanksiyalarının ləğv edilməsi məsələsindəki mövqeyinin dəqiq olduğunu qeyd edib.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun "İranın bir həftə ərzində nüvə silahı istehsal edəcək materiala sahib olacağı" yönündəki sözlərinə gəlincə isə Bəqayi "Bu tərz açıqlamalarla ilk dəfə qarşılaşmırıq", - deyib.
Bəqayi həmçinin qərəz və məcburiyyət ilə müzakirələrin uğura çata bilməyəcəyini qeyd edərək, "İran üçün bu yanaşma nəticə verməz. Diplomatiyanı ciddiyyətlə davam etdiririk. Ölkəmizin haqlarını təmin edən, nüvə məsələləri və sanksiyaların ləğvini ehtiva edən bir razılaşmanı qəbul edə bilərik", - deyə vurğulayıb.
İranın mümkün bir müharibə vəziyyətində bütün hücumlara cavab verəcəyini qeyd edən Bəqayi "Qüvvələrimiz ölkəmizi müdafiə etmək üçün 24 saat ayıq-sayıq gözləyir", - ifadəsini işlədib.
Bəqayi son olaraq İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricaninin 24 fevral çərşənbə axşamı günü Omana səfər edib-etməyəcəyinə dair suala "Bu mövzunu dəqiqləşdirməliyəm, hazırda məlumatım yoxdur", - cavabını verib.
