Qətər: ABŞ nümayəndələri Dohada iranlılarla deyil, vasitəçilərlə görüşəcəklər
Qətər Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerin Qətərdə iranlı nümayəndələrlə deyil, vasitəçilərlə bir araya gələcəyini bəyan edib.
AFN.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Macid bin Məhəmməd əl-Ənsari paytaxt Dohada keçirdiyi mətbuat konfransında ABŞ ilə İran arasındakı texniki danışıqların dayanmadığını vurğulayaraq, Qətər olaraq Hörmüz boğazından təhlükəsiz keçidə və minaların təmizlənməsinə prioritet verdiklərini söyləyib.
ABŞ nümayəndələri Kuşner və Vitkoffun Dohada olduqlarını, lakin İran rəsmiləri ilə deyil, vasitəçilərlə görüşəcəklərini diqqətə çatdıran Ənsari ABŞ ilə İran arasında yüksək səviyyəli bir görüş qərarının olmadığını bildirib.
İrana məxsus dondurulmuş 6 milyard dollarlıq fondun hələ Tehrana köçürülmədiyinə diqqət çəkən Ənsari bu məbləğin humanitar yardım ləvazimatlarının satın alınması üçün ayrılan 2023-cü il razılaşmasına tabe olduğunu ifadə edib.
Ənsari dondurulmuş İran fondunun transferinə hər iki tərəf arasındakı danışıqların nəticəsində qərar veriləcəyini qeyd edib.
Hörmüz boğazında gərginliyi azaltmaq üçün qurulan birbaşa əlaqə xəttindən son dövrlərdəki qarşıdurmaları səngitmək üçün istifadə edildiyini dilə gətirən Ənsari Hörmüz boğazı və gəmilərin təhlükəsiz keçidi məsələsində Oman Sultanlığı ilə koordinasiya şəraitində olduqlarını, həmçinin boğazın təmizlənməsində Fransanın da iştirak etməsini yüksək qiymətləndirdiklərini vurğulayıb.
Ənsari Hörmüz boğazının yenidən açılması və naviqasiyanın bərpa olunmasının son dərəcə mühüm məsələlər olduğuna diqqət çəkərək, dənizdə naviqasiya azadlığının bütün Körfəz ölkələri üçün təmin edilmiş bir hüquq olduğunu, bunun bağlanmasının və ya təhdid edilməsinin qəbulolunmaz olduğunu bəyan edib.
Heç kimin Hörmüz boğazından keçidlərə mane olmamalı olduğunu vurğulayan Ənsari hazırda xüsusilə regional təhlükəsizlik və sülhün müharibədən əvvəlki vəziyyətinə qaytarılmasını təmin etməyə diqqət yetirdiklərini qeyd edib.

