Avropa Parlamenti husilərin terror təşkilatları siyahısına daxil edilməsini tələb edib
Avropa Parlamentində (AP) Yəməndəki husilərin hərbi və siyasi qanadlarının, rəhbərliyinin, eləcə də hərbi və təhlükəsizlik strukturlarının Avropa İttifaqının (Aİ) terror təşkilatları siyahısına daxil edilməsini tələb edən qətnamə layihəsi qəbul edilib.
AFN.az xəbər verir ki, Strasburqda keçirilən AP-nin plenar iclasında husilərlə bağlı qətnamə layihəsi təsdiqlənib.
Qətnamədə husilərin Səudiyyə Ərəbistanına qarşı raket və pilotsuz uçuş aparatı (PUA) hücumları, eləcə də Yəməndə həyata keçirdikləri hərbi əməliyyatlar pislənib. Bu hücumların beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması olduğu bildirilib.
Hücumlar nəticəsində çoxsaylı yəmənli mülki şəxsin öldüyü və yaşayış yerlərindən didərgin düşdüyü vurğulanan qətnamədə ölkədəki humanitar böhranın daha da dərinləşdiyi qeyd edilib.
Qətnamədə AP-nin Səudiyyə Ərəbistanı rəhbərliyi ilə həmrəy olduğu və Yəmənin legitim hökumətini dəstəklədiyi bildirilib. Həmçinin hər iki ölkənin təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiqlik bir daha təsdiqlənib.
Husilərə Yəmən daxilində və xaricində bütün hücumları dərhal dayandırmaq və ərazi ələ keçirmək məqsədlərindən imtina etmək çağırışı edilən qətnamədə İran rəhbərliyinin regionda sabitliyi pozan rolu da pislənib.
Qətnamədə Aİ Şurası husilərin hərbi və siyasi qanadlarını, rəhbərliyini, eləcə də hərbi və təhlükəsizlik strukturlarını terror təşkilatları siyahısına daxil etməyə çağırılıb.
Husilərin bütün maliyyələşmə kanallarının aradan qaldırılması, qrupa məxsus aktivlərin və iqtisadi resursların dondurulması da tələb olunub. Qətnamədə husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası, enerji infrastrukturuna, Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında ticarət gəmilərinə hücumları pislənib.

