İran BMT-yə qonşu ərəb ölkələrindən şikayət edib



İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Səid İravani Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Qətər və Küveytin öz ərazilərini və hava məkanlarını ABŞ və İsrailin hücumları üçün istifadəyə verdiklərinə görə etirazını bildirib.

AFN.az xəbər verir ki, "Təsnim" xəbər agentliyinin məlumatına görə, İravani BMT Baş Katibliyinə və Təhlükəsizlik Şurasının rəhbərliyinə sözügedən ölkələrlə bağlı ayrı-ayrılıqda məktub ünvanlayıb.

Məktublarda İran Silahlı Qüvvələrinin monitorinq və qiymətləndirmələrinə əsaslanaraq, ABŞ və İsrailin BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Küveytin ərazi və hava məkanından qanunsuz hərbi əməliyyatlar üçün istifadə etməyə davam etdiklərinin müəyyən edildiyi qeyd olunub. Sözügedən ölkələrdən həyata keçirilən hücumlarla bağlı sənədlərin də təqdim edildiyi müraciətlərdə bu dövlətlərdən mehriban qonşuluq prinsiplərinə riayət edərək öz ərazilərinin İrana qarşı istifadə olunmasının qarşısını almaları tələb edilib.

Məktublarda həmçinin vurğulanıb ki, qonşu ölkələrin suverenliyinə hörmət prinsipi qorunmaqla yanaşı, İran öz suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini müdafiə etmək məqsədilə özünümüdafiə hüququ da daxil olmaqla, bütün zəruri tədbirləri görmək haqqını özündə saxlayır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu