Putin Ukrayna ilə sülh sazişinə hazır olduqlarını bəyan edib
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə razılığa gəlməyə hazır olduqlarını bildirərək, atəşkəs deyil, sülh sazişi imzalanmasını və hər iki ölkənin təhlükəsizliyinin təmin olunmasını istədiklərini deyib.
AFN.az xəbər verir ki, Putin bu barədə Rossiya dövlət televiziyasına açıqlamasında danışıb.
Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin müsahibəsində ərazi itkilərini qəbul etməyə hazır olduğunu bildirməsini şərh edib.
Rusiyanın nəzarətinə keçən əraziləri nəzərdə tutan Putin bildirib ki, həmin torpaqlar Ukraynaya deyil, tarixi Rusiyaya məxsusdur. O qeyd edib ki, bu ərazilərdə yaşayan insanlar əvvəlcə dövlət müstəqilliyi, daha sonra isə Rusiya Federasiyası ilə yenidən birləşmək üçün səs veriblər. Buna görə də Putin hər hansı ərazi itkisindən danışmağı yersiz hesab etdiyini bildirib.
Putin bu vəziyyətin, xüsusilə Avropa ölkələrində, bütün sahələrdə Rusiyaya qarşı kampaniyaya səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, indi də eyni dairələr Rusiyadan qaynaqlanan təhdiddən və Rusiya ilə müharibəyə hazırlıqların başlanmasından danışırlar.
Rusiya Prezidenti bunu siyasi şizofreniya adlandırıb və bu vəziyyətin də keçəcəyinə ümid etdiyini bildirib.
Rusiyanı döyüş meydanında məğlub etməyin və ona strateji məğlubiyyət yaşatmağın real olmadığını deyən Putin Rusiyanın məğlubiyyətini istəyən insanların müasir həyatın reallıqlarını anlayacaqlarını və Rusiya ilə dostluq şəraitində yaşamağın daha yaxşı olduğunu dərk edəcəklərini söyləyib.
Avropada baş verən siyasi proseslərə baxdıqda, Avropa xalqlarının Rusiya ilə müharibə etmək istəmədiklərinin aydın göründüyünü vurğulayan Putin deyib ki, onlar da müharibə istəmirlər və Avropa ilə hər hansı müharibəyə hazırlaşmırlar.
Putin bildirib ki, Ukraynanın hazırkı rəhbərliyinin nə üçün bütün dünyanın Ukraynaya pul ödəməli, onun adından döyüşməli, silah, sursat, texnika və digər vasitələr verməli olduğunu müəyyən etməsi başadüşülən deyil. Onun sözlərinə görə, Ukrayna rəhbərliyi döyüşmək istəyirsə, müharibəni davam etdirə bilər, lakin Rusiya Ukrayna ilə müharibə etmək istəmir.
Putin Ukrayna rəhbərliyinin müharibə etmək istəməyən vətəndaşlarına münasibətini də tənqid edib. O bildirib ki, həmin insanlar küçələrdən sahibsiz itlər kimi toplanaraq zorla cəbhəyə göndərilir. Putinin fikrincə, bu vəziyyət ağır nəticələrə gətirib çıxarır və motivasiyanı azaldır.
Ukraynada böhranın başladığı 2014-cü ilin ilk günlərindən etibarən sülhün tərəfdarı olduqlarını vurğulayan Putin Kiyev rəhbərliyi ilə razılığa gəlməyə çalışdıqlarını bildirib.
Putin Ukraynanın şərqində yaşayan əhali ilə Kiyev rəhbərliyi arasında razılığın əldə olunmasına çalışdıqlarını, lakin Kiyevin müharibəni seçdiyini iddia edib. O, bu gün də razılığa gəlməyə hazır olduqlarını və ağır, mürəkkəb vəziyyətdən çıxış yolları tapmaq istədiklərini bildirib.
Rusiya Prezidenti ukraynalıların ruslara çox yaxın xalq olduğunu deyərək, son genetik araşdırmaların ruslarla ukraynalıların əslində vahid xalq olduğunu göstərdiyini iddia edib.
Putin hər məsələ ilə bağlı razılığa gəlməyin mümkün olduğunu düşündüyünü və bununla razılaşdıqlarını bildirib. O, istənilən halda qarşılarına qoyulan vəzifələri yerinə yetirəcəklərini və xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olacaqlarını söyləyib.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla Sankt-Peterburqda keçirdiyi görüşü də şərh edən Putin üçtərəfli təmasları yenidən başlatmağa hazır olduqları barədə razılığa gəldiklərini bildirib.
Onun sözlərinə görə, danışıqların məqsədi sülh sazişlərinə nail olunduqdan sonra Ukrayna və Rusiyanın təhlükəsizliyinin təmin edilməsi məsələsini müzakirə etmək olacaq. Putin bunun döyüşlərin qısa müddətə dayandırılması nəticəsində deyil, sülh sazişlərinin yekun formasına çatdıqdan sonra həyata keçirilməli olduğunu vurğulayıb. O, bu məqsədə çatmaq üçün təmasları bərpa etməyə hazır olduqlarını qeyd edib.
Putin Avropanın təhlükəsizlik arxitekturasının da müzakirə edilməli olduğu barədə Uitkoffun fikri ilə razılaşdığını vurğulayıb.
