Avropada anomal istilər 50 mindən çox insanın ölümünə səbəb olub



Avropada bu yay müşahidə olunan dözülməz istilər nəticəsində şəhər ərazilərində 50 mindən çox insanın həyatını itirdiyi təxmin edilir. 

AFN.az xəbər verir ki, aparılan araşdırmaya əsasən, bu ölümlərin təxminən üçdə ikisi iqlim dəyişikliyinin təsirləri ilə əlaqələndirilir.

London İmperial Kolleci və London Gigiyena və Tropik Tibb Məktəbinin alimləri Avropa İttifaqının 27 üzvü, Britaniya, Norveç və İsveçrə daxil olmaqla 30 ölkədə yerləşən, əhalinin təxminən 40 faizinin yaşadığı 854 şəhər ərazisində anomal istilərin ölüm hallarına təsirini araşdırıblar.

Tədqiqatçılar temperatur qeydləri və keçmişdə temperaturla ölüm göstəriciləri arasında müşahidə edilmiş əlaqələrə əsaslanan modellərdən istifadə edərək, 2000-2026-cı illərin yay aylarında hər bir şəhər ərazisində isti hava ilə əlaqədar gözlənilən əlavə ölüm hallarının sayını hesablayıblar. Bu metodun milli səhiyyə qurumlarının sonradan açıqladığı anomal istilərdən qaynaqlanan ölüm hallarına dair rəsmi statistik göstəricilərlə uyğun nəticələr verdiyi müəyyən edilib.

Alimlərin hesablamalarına görə, qeyd olunan ölkələrdə bu yay hökm sürən dözülməz istilər nəticəsində 50 mindən çox insan həyatını itirib. Bu ölümlərin təxminən üçdə ikisi fosil yanacaqların istifadəsi nəticəsində yaranan iqlim dəyişikliyi ilə əlaqələndirilir.

2026-cı ilin yayında anomal istilərlə əlaqəli ölüm hallarının sayı 2000-ci ildən bəri aparılan qeydlərdə ən yüksək səviyyəyə çatıb. Yüksək temperatur səbəbindən 2022-ci ildə 29 min, 2003-cü ildə isə 28 min ölüm qeydə alındığı müəyyən edilmişdi.

Alimlərin hesablamalarına əsasən, ölüm hallarının təxminən üçdə biri iyunun 17-dən iyulun 1-dək olan dövrdə baş verib. Həmin müddətdə bütün region üzrə gündəlik orta temperatur 1991-2020-ci illərin orta göstəricisini 5 dərəcədən çox üstələyib.

Ən ağır təsirlənən ərazilər arasında temperaturun və ölüm hallarının ən yüksək göstəricilərinin qeydə alındığı Cənubi və Qərbi Avropa şəhərləri yer alıb.

Adətən daha sərin hava şəraiti ilə seçilən Şimali Avropa ölkələrinin, o cümlədən Britaniyanın şəhər ərazilərində isə yüksək temperatur səbəbindən təxminən 4 min 500 nəfərin öldüyü ehtimal edilir.

İsti hava ilə əlaqəli ölüm halları əsasən yaşlı insanlara təsir etsə də, təhlil edilən şəhər ərazilərində bu yay 65 yaşdan aşağı təxminən 6 min nəfərin də istilər səbəbindən həyatını itirdiyi ehtimal olunur.

Yay mövsümü, xüsusilə Qərbi Avropada ardıcıl baş verən anomal isti hava dalğaları ilə daha da kəskinləşib və ictimai sağlamlığa ciddi təsir göstərib. Ən yüksək temperatur anomaliyası da Qərbi Avropada qeydə alınıb.

Yay mövsümü boyunca temperatur 1991-2020-ci illərin orta göstəricisindən təxminən 2,9 dərəcə yüksək olub, bəzi günlərdə isə bu fərq 12 dərəcəyə çatıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu